Cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri həmişə kral ailəsinin maliyyəsi olub. Dəbdəbəli saraylar və nəhəng mülklər, qiymətli zinət əşyaları, dəyərli sənət şedevrləri və tac- bütün bunlar başa düşüləndir. Onların hər birinin şəxsən nəyə malik olduğu adətən gizlədilir. II Elizabetin bu yaxınlarda vəfatı istər-istəməz bu məsələ üzərindəki məxfilik pərdəsini qaldırdı. İndi ona nə aid olduğu və ən əsası, bu inanılmaz sərvəti kimin miras alacağı məlum oldu. Beləliklə, Britaniya kraliçasının sərvəti nə qədər idi?
Kraliça əsrlər boyu inkişaf etmiş sistemin bir hissəsi olub. Kral ailəsinin sərvəti durmadan artdı. Əsrlər keçdikcə şəxsi maliyyəni kral sərvətindən ayırmaq çətinləşdi.
Britaniya kral ailəsinin dəyəri təxminən 78 milyard dollardır. Aktivlərə təkcə qiymətli daşınmaz əmlak deyil, həm də monarxiyanın “brendini” təşkil edən intellektual mülkiyyət, sosial media və digər aspektlər şəklində qeyri-maddi aktivlər daxildir. Forbes kraliçanın şəxsi sərvətini 500 milyon dollar dəyərində qiymətləndirir. Bunlar kraliçanın özünün aktivləridir. Bunlara, məsələn, onun inanılmaz dərəcədə maraqlı marka kolleksiyası daxildir. Kolleksiyaçılar təkcə bunun 124 milyon dollar dəyərində olduğunu bildirirlər.
Kraliça, həmçinin Şotlandiyanın Aberdin şəhərindəki Balmoral qəsri (140 milyon dollar dəyərində) və İngiltərə kəndlərində Sandrinqem Evi (65 milyon dollar dəyərində) daxil olmaqla bir neçə mülkə şəxsən sahib idi. Onun sərvətinin qalan hissəsi isə kraliçaya deyil, “taca” məxsus idi, bu o deməkdir ki, kral III Çarlz indi anasının sərvətinin böyük hissəsini miras alacaq.
Kral ailəsi pulu haradan alır?
Ənənəvi olaraq, Britaniya monarxları həm sərvətlərini, həm də tacın kapitalını taxt varisinin adına keçirirlər. Məsələn, kraliçanın anası da belə edib. Elizabetin anası iyirmi il əvvəl vəfat edib. O, bütün sərvətini böyük qızına vəsiyyət edib. Nə az, nə çox 70 milyon dollar. Həmçinin Bukinqem Sarayı və içindəki hər şey. Sarayda çoxlu qiymətli sənət əşyaları, zərgərlik məmulatları, və s. Tövlələrdə bahalı cins atlar var. İstənilən britaniyalı və ya ölkənin qonağı turist kimi iqamətgahı ziyarət edə bilər.
Burada haqlı sual yaranır: əgər bütün bu möhtəşəmlik əslində Britaniya kral ailəsinin üzvlərinə aid deyilsə, onlar nə ilə yaşayırlar? Cavab sadədir: vergilər. Kral ailəsi təkcə şəxsi xərclər üçün müəyyən məbləğdə maaş almır. Bütün maliyyələr “The Crown Estate” adlı xüsusi fonddan keçir və Böyük Britaniyanın Maliyyə Nazirliyinə verilir. Sonra o, kral ailəsinə köçürüləcək vəsaitin faizini müəyyənləşdirir. Bundan sonra kraliça və ya kral bu məbləği ailənin qalan hissəsi arasında bölüşdürməlidir. Hər birinə verilən maliyyə vəsaitinin miqdarı onların “maaşından” asılıdır. Axı kral ailəsinin üzvü olmaq tamştatlı bir işdir. Bu fond hakimiyyətdə olan monarxın şəxsi mülkiyyətidir. Bənzər bir sistem əsrlər boyu mövcud idi, lakin bu gün daha müasir və ədalətli bir görünüş qazanıb.
Ümumiyyətlə, ödənişlər 15-25 faiz arasında dəyişir. Məsələn, 2020-ci ildə “The Crown Estate” 475 milyon dollardan çox mənfəət əldə edib. Forbes-in məlumatına görə, kral ailəsinin üzvləri tərəfindən alınan sonuncu vəsait təxminən 120 milyon dollar olub.
Xəsis Elizabet?
Mərhum kraliça II Elizabetin vəsiyyətinə görə, onun bütün var-dövləti böyük oğluna, indi isə kral III Çarlza keçəcək. Elizabet öz anası kimi Bukinqem Sarayını və içindəki hər şeyi, həmçinin Balmoral kimi şəxsi mülklərini də varisinə keçirdi. Kral ailəsi həmişə misilsiz sərvət, fantastik dəbdəbə və hər cür həddi aşmaqla əlaqələndirilir. Ancaq II Elizabet heç vaxt pul xərcləyən biri olmayıb və bunu uşaqlarına da aşılamağa çalışıb. O, İkinci Dünya Müharibəsinin verdiyi “dərsləri” və az yeməklə yaşamağın necə olduğunu yaxşı xatırlayırdı.
Elizabet heç vaxt qeyri-ciddi pul xərcləyən biri olmayıb
Kraliça bəzən ictimai nəqliyyatdan istifadə etməkdən çəkinmirdi. O, bir paltardan bir neçə dəfə istifadə edirdi və nahar qalıqlarını şam yeməkdə bitirməkdən çəkinmirdi. Kraliçanın nəvələri də kommersiya məqsədli təyyarələrdə uçurlar, buna öyrəşiblər və təhsil aldıqları müddətdə yataqxana otaqlarını ucuz IKEA mebelləri ilə təchiz ediblər.
Nubar Süleymanova, “İki sahil”