03 oktyabr 2022 19:27
4121

Vətən müharibəsinin ilk sevinc müjdəsi

Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, uzaqgörən, müdrik siyasəti, Xalq-Ordu-İqtidar birliyi nəticəsində Ermənistanın qanunsuz olaraq 30 ildir işğal altında saxladığı Azərbaycan torpaqları mənfur düşmənin tapdağından azad edildi. 44 günlük Vətən müharibəsi Ermənistanın əsl kimliyini bir daha nümayiş etdirmiş oldu. Düşmən uzun illərdir işğal altında saxlanılan tarixi torpaqlarımızda daşı daş üstündə qoymayıb. Dağıdılan şəhərlər, abidələr, milli-mədəni irsimiz – bütün bunlar erməni xislətini açıq şəkildə ortaya qoyur.

Erməni vandalizminə məruz qalmış şəhərlərimizdən biri də Cəbrayıl şəhəridir. Cəbrayıl şəhəri və rayonu 1993-cü il avqustun 23-də işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan Birinci Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Xalq-Ordu-İqtidar birliyi nəticəsində əldə olunan uğurlardan biri də Cəbrayılın işğaldan azad edilməsidir. Sevindirici haldır ki, bu gün Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunduğu tarixləri qeyd edir.  4 oktyabr Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Məhz bu gün Azərbaycan tarixinə parlaq Qələbəyə gedən yolda qazanılan ilk uğur kimi həkk olunub. İki il öncə - 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri düşmən tapdağından azad olundu.  Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilib, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Vətən müharibəsinin ilk günlərində şanlı Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini (27.09.2020), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri (03.10.2020), Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı (04.10.2020) işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib.

Cəbrayılda qazanılmış qələbələr Ordumuzun Xocavənd rayonunun güney kəndləri və strateji Hadrut (Ağoğlan) qəsəbəsi yönündə hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış oldu.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis edib. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu dövlət təltifi Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusuna verildi. 

Vətən Müharibəsi başa çatandan az sonra – 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. 

Heç şübhəsiz, 44 günlük Vətən müharibəsində qazanılan uğurların hər biri Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Onların hər biri bizim üçün doğmadır, əzizdir. Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir.

Aydan Dilqəmli,
YAP Xətai rayon təşkilatının fəalı