2020-ci il 4 oktyabr - Cəbrayıl rayonunun işğaldan azad olunması tarixidir
Vətən Müharibəsinə qədər biz erməni işğalı altında olan rayonlarımızın qan yaddaşı kimi düşmən tərəfindən işğal edildikləri günləri qeyd edirdiksə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun qələbəsindən sonra biz artıq rayonlarımızın düşmən işğalından azad olunduğu şanlı tarixləri qeyd edirik. 4 oktyabr tarixi də belə şanlı tarixlərdən biridir, 4 oktyabr 2020-ci il Cəbrayıl rayonunun erməni işğalından azad olunduğu gündür.

Xatırladım ki, hələ 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi və hətta strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması da mümkün olmuşdu. 2016-cı il aprel döyüşləri zamanı düşmən işğalından azad edilmiş məşhur Lələtəpə yüksəkliyi də Cəbrayıl rayonu ərazisində yerləşir. Vətən Müharibəsi başladıqdan sonra Azərbaycan ordusunun ilk azad etdiyi kəndlər içərisində də Cəbrayılın kəndləri vardı. Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri Vətən Müharibəsinin ilk günü düşmən işğalından azad olunmuşdu. Ümumilikdə Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində 1 şəhər və 80 kənd işğaldan azad edilmişdir.
Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltması mən deyərdim ki, Vətən Müharibəsinin ən yadda qalan və qürurverici, eləcə də ən mühüm tarixi-siyasi hadisələrindən biridir.
Cəbrayıl Azərbaycanın tarixi-mədəni abidələri, təbii sərvətləri ilə zəngin rayonu olmaqla yanaşı, həm də strateji baxımdan əlverişli mövqedə yerləşir. Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlarımıza uğurlu əks hücum imkanlarımız yaranmışdı. Eləcə də strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirilməsi üçün əlverişli şərait yaranmışdı.

Vətən Müharibəsi başa çatdıqdan sonra 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilmiş və igidliyinə görə fərqlənən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 mindən çox hərbi qulluqçusu bu medalla təltif edilmişdir.
İşğaldan sonra Cəbrayıldan olan həmvətənlərimiz Respublikamızın digər rayonlarında məskunlaşmışdı. Məcburi köçkünlərimizin pozulmuş hüquqlarının 30 il boyunca heç bir beynəlxalq təşkilat tərəfindən bərpa edilməməsi bir kənara, onlara lazımı hüquqi qiymət belə verilməmişdi. Biz torpaqlarımızı düşmən işğalından azad etməklə həm də minlərlə məcburi köçkünün doğma torpaqlarında yaşamaq hüququnu bərpa etdik.
Bu gün işğaldan azad olunmuş bütün rayonlarımız kimi Cəbrayıl rayonunda da sürətlə və ən yüksək səviyyədə “Böyük Qayıdış”a hazırlıq işləri gedir. Rayonun və kəndlərin bərpa proqramı artıq təsdiq edilib, Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Gələcəkdə vətəndaşlarımız buradan keçən Zəngəzur dəhlizindən də istifadə edə biləcəklər. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün region üçün olduğu kimi, Cəbrayıl rayonunun inkişafı üçün də önəmli hadisədir. Cəbrayıl rayonun bərpası ilə bağlı daha bir diqqətəlayiq layihə 240MVt-lıq günəş elektrik stansiyanın inşasının müzakirə edilməsidir. Bütün layihələrin həyata keçirilməsinə cənab Prezident özü şəxsən nəzarət edir. Müharibənin bitməsindən sonra cənab Prezident dəfələrlə işğaldan azad olunmuş ərazilərimizə səfər edib, elə təkcə Cəbrayıl rayonuna dörd səfər təşkil olunub.
Cəbrayılın azad edilməsi uğrunda şəhid olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, Cəbrayılın azad olunmasının ikinci ildönümü münasibətilə bütün Cəbrayıllıları və Azərbaycan xalqını təbrik edirəm.
Ziyafət Əsgərov,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri