04 oktyabr 2022 13:35
414

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir

 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi imzalansa da, sərhəd xəttində zaman-zaman artan zorakılıqla müşayiət olunan toqquşmalar davam edirdi. Bu münaqişələrdən ən genişi 2016-cı il aprelin 2-5-də baş vermiş dörd  günlük müharibə olub. 2016-cı ildə baş verən müharibə tarixdə 22 ildən sonra ən böyük qarşıdurma kimi qeydə alınıb. Dörd günlük müharibə Azərbaycan-Ermənistan münaqişəsinin həllinə marağın azaldığı bir vaxtda Qarabağ məsələsini beynəlxalq aləmdə yenidən gündəmə gətirərək, əslində müharibə variantının ortadan qalxmadığını göstərdi. Azərbaycanla Ermənistan arasında 27 sentyabr 2020-ci ildə başlayan müharibə 44 gün davam edib və 10 noyabr 2020-ci ildə imzalanan bəyannamə ilə başa çatıb. 2020-ci il noyabrın 10-da başa çatan müharibə ilə Azərbaycan 27 illik işğala son qoyub, torpaqlarının böyük hissəsini geri alıb. Bu tarixdən Azərbaycan regionda yenidən qurma və bərpa etmə fəaliyyətinə başlayıb. Dörd günlük müharibələrdən sonra “Böyük Qaydış” kimi qələmə verilən Cocuq Mərcanlı kəndinin açılışı İkinci Qarabağ Müharibəsində işğaldan azad edilmiş şəhərlərin yenidən qurulması üçün pilot layihə rolunu oynadı.  

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir. Vətən müharibəsinin ilk günlərində şanlı Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib.

Cəbrayılda qazanılmış qələbələr Ordumuzun Xocavənd rayonunun güney kəndləri və strateji Hadrut (Ağoğlan) qəsəbəsi yönündə hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış oldu. 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev, Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır.

Səba Rzayeva,
YAP-ın gənc fəalı