04 oktyabr 2022 14:36
452

Xalqına həsr olunmuş ömür

Tarixi şəxsiyyətləri bəzən təsadüflər yetişdirir. Əgər həmin təsadüflər baş verməsəydi onlar da dünyanın milyardlarla insanından biri kimi yaşayar və öz siravi statusları ilə dünyadan köçərdilər. Elə tarixi şəxsiyyətlər də var ki, onların ömür yolu hər hansı təsadüflərlə bir araya sığmır, bu yolun hər bir addımında onların qolunun qüvvəsi, alın təri, mübarizə əzmi var.

Ümummilli Lider Heydər Əliyev də həyatı hec bir təsadüfdən asılı olmayan, ömrü qələbə və çətinliklərdən, ən xoşbəxt dəqiqələr və sonsuz kədərdən keçən, lakin bütün acılara, məhrumiyyətlərə rəğmən öz məramına yetişən tarixi şəxsiyyətlərdən idi. Hər bir rəhbər bütün varlığı ilə dərk etməli idi ki, o öz xalqının, öz millətinin, öz torpağının keşiyində dayanmalıdır. Özünü yalnız bu işə həsr etməlidir.

Dahi şəxsiyyət Heydər Əliyev həqiqətən, həyatını məhz bu cür yaşamışdı. Ulu Öndər yenicə müstəqillik qazanmış Azərbaycanın ağır anında məhz onu çağıran, taleyini məhz ona əmanət etmək istəyən insanların inam və etibarı idi. Dünyanın özünü azərbaycanlı sayan hər bir sakini üçün Ulu Öndər Heydər Əliyevin tarixdəki yerini müəyyən edəcək çox nümunələr var. Onun yaratdığı ömür nümunəsi bunların hamısından öndə gəlir.

Nə qədər kitablar oxusaq, nəzəri biliklərələ nə qədər silahlansaq da həyatı, insanı nə qədər öyrənməyə çalışsaq da ömür yollarında qarşımıza çıxan sualların aydınlaşdırılması, məqsədlərimizə doğru addımlarımızın ardıcıllığı ücün bunlar kifayət etmir. İnsan nümunələrdən görüb götürür, onların göstərdiyi yolla tərbiyələnir, çətin anlarında suallarına cavabları o nümunələrdə tapır. Ömrünü örnək saydığımız bir şəxsin həyatından xatırladığımız adicə bir nümunə bəzən bizə mənəvi güc verir, irəliyə doğru addımlamağımıza kömək edir.

Ulu Öndər dünyanın bütün azərbaycanlıları üçün Azərbaycanın coğrafi məkanında, milli təfəkkür, milli adət-ənənələr, milli təhsil-tərbiyə mühitində ən yüksək məqama çatmış mükəmməl insan nümunəsidir. Hər bir azərbaycanlı uğur əldə etməyi də, uğursuzluqla qarşılaşan zaman tab gətirməyi də, həyatı cani – kökdən sevməyi də, onun hər bir gözlənilməzliyinə hazır olmağı da məhz  əbədiyaşar lider Heydər Əliyevin həyatından öyrənə bilər.

İstedad və iradə Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin ali keyfiyyətləri idi. Bu keyfiyyətlər onun özünə qarşı son dərəcə sərt tələbkarlığı idi. Ulu Öndər təmsil etdiyi xalqın simasını, istək və arzularını, ideyalarını, məqsədlərini öz obrazında yüksək mütəşəkkiliklə əks etdirə bilmişdi. Dünyaşöhrətli siyasətçi Heydər Əliyev rəhbərliyi dövründə ona görə o qədər böyük əzmlə zəhmət sərf edirdi ki, bunların tarixin bütün dövrlərində Azərbaycana lazim olacağnı bilirdi.

Ulu Öndər Heydər Əliyev onda da hesab edirdi ki, azərbaycanlılar dünyanın ən yaxşı yaşayan xalqlarından biri olmalıdır. Yer üzündə Azərbaycan adlı bir dövlətin, bir xalqın varlığından hər kəs xəbər tutmalıdır. Azərbaycanın ictimai fikir tarixində böyük rolu olmuş insanların xatirəsi uca tutulmalıdır, milli–mənəvi dəyərlərimiz göz bəbəyi kimi qorunmalıdır. Azərbaycan dili hər bir azərbaycanlının təfəkkür dili olmalıdır. Ən gözəl memarlıq abidələri məhz Azərbaycanda ucaldılmalıdır .

Ümummilli Lider Heydər Əliyev insanların nəzərində dövlətin onlara xidmət edən, onların qulluğunda dayanan, hər bir çətinliklərində onların yanında olan, öz vətəndaşlarının səsini eşidib harayına yetişən bir obraz formalaşdırmışdi.

Biz bu gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev siyasətini cənab Prezident İlham Əliyev uğurla davam etdirir.

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı