04 oktyabr 2022 17:04
315

Azərbaycan Avropanın enerji xəritəsini yenidən formalaşdırır - Sahil Kərimli

Bu gün Azərbaycan enerji sahəsində Avropanın xilaskarına çevrilib 

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bolqarıstana səfəri və səfər çərçivəsində bir çox görüşlər keçirməsi, müxtəlif dövlətlərarası sənədlərin imzalanması, eyni zamanda Avropa İttifaqına daxil olan bir sıra ölkələrin liderləri ilə görüşləri və bu görüşlərdə səsləndirilən genişmiqyaslı gələcək əməkdaşlığa yönəlmiş bəyanatlar və Avropa liderlərinin Azərbaycan haqqında, Azərbaycan Prezidenti haqqında ifadə etdikləri fikirlər xüsusi əhəmiyyət daşıyan məsələlərdir".

Bu uğurlar Azərbaycan Prezidentinin uzun illər həyata keçirdiyi, düşünülmüş siyasətinin nəticəsidir

“İki sahil” xəbər verir ki, bu fikirləri  Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

Onun sözlərinə görə, son günlər Avropanın xəbər gündəmini zəbt etmiş bəyanatlar səsləndirildi: "Bu da təbiidir ki, Azərbaycanın bir dövlət kimi regionda xüsusi güc sahibi olduğunu göstərir. Azərbaycan Avropanın enerji xəritəsini yenidən formalaşdırır. Bu isə Azərbaycanın böyük uğurudur. Əlbəttə ki, bütün bunlar Azərbaycan Respublikasının Prezidentinin uzun illər həyata keçirdiyi, düşünülmüş siyasətinin nəticəsidir. Bu hər birimizi sevindirir və Azərbaycan ictimaiyyətində də bu məsələlər böyük rəğbətlə qarşılanır. Əlbəttə bu gün Avropada enerji böhranı yaşanmaqdadır, qaz tədarükü ilə bağlı ciddi problemlər yaşanır. Belə olduğu halda Azərbaycanın bölgədə önə çıxması çox vacib məsələlərdən biridir.

Biz əminliklə deyə bilərik ki, Azərbaycan dövləti bu siyasəti uğurla həyata keçirir. Avropa liderlərinin Azərbaycan lideri haqqında konkret fikirlər də səsləndiriblər ki, bu gün Azərbaycan enerji baxımından Avropanın xilaskarı rolunu canlandırır. Əlbəttə ki, Azərbaycanın Avropaya çıxışı iqtisadiyyatın inkişafına da böyük təkan verəcək. Enerji resurslarını ixrac ediriksə ölkəmizə müəyən miqdarda valyuta daxil olur. Bu da Azərbaycan iqtisadiyyatının gələcək artımına səbəb olur. Enerji resurslarından gələn gəlirlər qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə yönləndirilir. İşğaldan azad edilmiş ərazilərimizdə sürətli bərpa işləri gedir və gəlirlərin artması bu prosesi daha da sürətləndirrəcək”.