06 oktyabr 2022 09:39
401

Bakıda top mərmisi tapılıb - FOTO/VİDEO

Bakıda top mərmisi tapılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd döyüş tətbiqinə yararlı 85mm-lik top mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.