11 mart 2016 22:32
544

Sabirabad və Qax rayonlarının 2 kəndinə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir.Martın 11-də Qax rayonunun Zəyəm və Sabirabad rayonunun Cəngan kəndlərinə ilk dəfə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. 

Bildirilmişdir ki, Qax rayonunun 366 abonentə malik Zəyəm kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 3897 metr uzunluğunda müxtəlif diametrli polietilen və 17452 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 366 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Sabirabad rayonunun 381 abonenti olan Cəngan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 30000 metrdən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilmiş, 381 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.