İstanbulun İstiqlal prospektində baş verən partlayış zamanı 6 nəfər ölüb, yaralıların sayı isə 81-ə yüksəlib. Onlardan ikisinin vəziyyəti ağırdır.
"İki sahil" xəbər verir ki, Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay və ölkənin daxili işlər naziri Süleyman Soylu hadisə yerinə gələrək son vəziyyət haqqında məlumat alıblar.
Mediaya açıqlama verən Türkiyə dövlətinin rəsmiləri hadisənin İstiqlal prospektinin Mis küçəsi ilə kəsişməsində baş verdiyini deyiblər.
Verilən son məlumatlara görə, hadisənin bir qadının partlayıcı vasitəni işə salması nəticəsində baş verməsi ehtimal edilir, bununla bağlı məlumat var. Partlayışın baş verdiyi ərazidə işlər tam qüvvə ilə davam etdirilir, bölgədəki kameralar araşdırılır, şahidlərin ifadələri alınır. Terror aktı olduğu ehtimal edilən hadisə nəticəsində dördü partlayış baş verən an, ikisi isə daha sonra olmaqla altı nəfər ölüb. Yaralanan 81 nəfər isə şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib. İstintaq davam edir.
Açıqlamanın ardından rəsmilər İstanbulun Beyoğlu Prokurorluğuna doğru hərəkət ediblər.
***
OdaTV İstanbulun mərkəzində baş verən partlayışda şübhəli bilinən qadının fotosunu yayıb.
Jurnalistlərin sözlərinə görə, bu qadın çiynindəki çantanı İstiqlal küçəsində qoyaraq ərazidən uzaqlaşıb.
Sonradan məhz həmin yerdə partlayış baş verib.
Oxu.Az
***
Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.
"İki sahil" xəbər verir ki, Taksim meydanı yaxınlığında qeydə alınan partlayışın səbəbi məlum deyil.
Çoxlu sayda yaralının olduğu bildirilir.
İstanbul valisi Əli Yerlikaya hadisə ilə bağlı açıqlama verib.
Yerlikaya qeyd edib ki, bu gün saat 16:20 (Bakı vaxtı ilə 17:20-də - red.) radələrində Beyoğlu bölgəsində Taksim İstiqlal küçəsində partlayış baş verib: “Hadisə yerinə polis, yanğınsöndürənlər, təcili yardım və xilasedicilər cəlb olunub. Ölən və yaralananlar var”.
Partlayışın səbəbi hələlik məlum deyil.