15 noyabr 2022 16:00
6508

Dünya Çempionu olan- 8 ÖLKƏ

Futbol dünyasının ən mühüm beynalxalq təşkilatı olan FIFA-nın 1930-cu ildən bu günə kimi keçirdiyi Dünya çempionatını indiyədək 8 ölkə qazanıb.

İkinci Dünya Müharibəsi dövründən başqa, 1930-2018-ci illər arasında 21 dəfə keçirilən Dünya çempionatında ən çox çempionluq qazanan komanda Braziliyadır. “Sambaçılar” 5 dəfə kuboku başı üzərinə qaldırmağı bacarıb. Almaniya  və İtaliya isə hərəyə dörd dəfə bu sevinci yaşayıb. Argentina, Uruqvay və Fransa hər biri iki dəfə, İngiltərə və İspaniya isə bir dəfə öz ölkələrinə bu kuboku qazandırıb. Bu günə kimi 5 Avropa və 3 Cənubi Amerika ölkəsi bu kubokun qalibi olub. Digər qitələrin ölkələrindən bu adı qazanan olmayıb.

Uruqvay, İngiltərə və İspaniya finalda uduzmayıb

Dünya çempionatı tarixində Uruqvay, İngiltərə və İspaniya oynadıqları final matçlarını qazanaraq kuboka sahib olublar.Uruqvay iki dəfə İngiltərə və İspaniya isə bir dəfə finalda oynamaq hüququ əldə edib.

Niderland Dünya çempionatının ən dramatik komandasıdır

Niderland Dünya kubokunun ən dramatik komandası kimi seçilib. “Narıncılar” mundial tarixində 3 dəfə finala yüksəlməyi bacarsa da, xoşbəxt sona çata bilməyib. Oynadığı 3 finalı da uduzan Niderland ölkəsinə kubok sevincini yaşada bilməyib. İlk dəfə 1974-cü ildə ev sahibi Qərbi Almaniyaya, 1978-ci ildə isə ev sahibi Argentinaya uduzan Niderland 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilən Dünya çempionatında əlavə vaxtda buraxdığı tək qolla İspaniyaya məğlub olub.

Çexoslovakiya və Macarıstan iki dəfə finala vəsiqə qazansalar da, tarixlərində Dünya kubokunu qazana bilməyiblər.

Hərəsi bir dəfə finalda oynayıb məğlub olan İsveç və Xorvatiya kubokun bir addımlığında qalıb.

Almaniya 8, Braziliya isə 7 dəfə finalçı olub

Dünya çempionatında ən çox finala çıxan ölkələr Braziliya və Almaniya olub. Almaniya 8, Braziliya isə 7 dəfə finala adını yazdırıb. İtaliya 6, Argentina 5, Fransa 3 dəfə finala yüksəlməyi bacarıb.

Qeyd edək ki, Almaniya və Braziliya ən çox finala çıxan ölkələr olsalar da, yalnız 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən Dünya Çempionatının finalında üz-üzə gəliblər. Bu finalda Braziliya 2:0 hesabı ilə qalib gəlib.

Vüsal Cahanov, “İki sahil”