Bir neçə gündən sonra Qətərdə futbol üzrə Dünya çempionatı start götürəcək. Dünya çempionatları tarixdə maraqlı məqamlarla yadda qalıb. Onlardan biri də matçlarda əsas funksiyanı icra edən komandaların qapıçılarıdır.
Qapıçılar haqqında maraqlı məqamları oxuculara təqdim edirik:
Ən uzun müddət qol buraxmayan qapıçı italiyan Valter Zenqadır
Valter Zenqa 1990-cı ildə ölkəsində keçirilən Dünya çempionatında 517 dəqiqə ərzində qol buraxmayıb.
A qrupunda mübarizə aparan İtaliyanın qolkiperi Zenqa Çexoslovakiya, Avstriya və ABŞ qarşısında qol buraxmadan matçı başa vurub.
Son 16 turunda Uruqvay, 1/4 finalda İrlandiya Respublikası ilə qarşılaşmada qapısında qol görməyən Zenqa, Napolidə Argentina ilə yarımfinal matçının 67-ci dəqiqəsində Klaudio Caniggianın qol vurmasına mane ola bilməyib.
Şilton və Bartez 10 oyunda qol buraxmayıb
Dünya çempionatında ən çox matçda qol buraxmayan qapıçılar britaniyalı Peter Şilton və fransalı Fabien Bartez olub.
Şilton 1982-1990-cı illərdə, Bartez isə 1998-2006-cı illərdə 17 oyun keçirib və onlardan 10-da qol buraxmayıb.
Dünya çempionatında ən çox oyun keçirən titulunu 5 dəfə alman Lotar Matteus və həmyerlisi Rafael Markeslə bölüşən meksikalı qapıçı Antonio Karbajal və Səudiyyə Ərəbistanından olan Məhəmməd Əl-Deayea turnirdə ən çox qol buraxan qapıçılar kimi yadda qalıb. Karbajal 1950-1966 və Əl Deayea 1994-2002-ci illərdə keçirilən turnirlərdə 25 qol buraxıb.
Turnirdə ən çox qol buraxan qolkiper
Cənubi Koreyalı Honq Duk-yunq bir turnirdə ən çox qol buraxan qapıçı kimi tarixə düşüb. 1954-cü ildə İsveçrədə keçirilən turnirdə Honq qapısında 7-si Türkiyədən olmaqla 16 qol görüb.
Bir matçda ən çox qol buraxan qapıçı
Çempionatlar tarixində bir matçda ən çox qol buraxan qapıçı salvadorlu qapıçı Luis Guevara Mora olub. Mora 1982-ci ildə İspaniyada Macarıstanla keçirilən oyunda 10 qol buraxıb. 10-1 hesabı ilə bitən qarşılaşma mundialın ən fərqli qələbəsi kimi diqqət çəkib.
Mundial tarixində qol buraxmayan qapıçı
Dünya çempionatı tarixində komandasının bütün matçlarında qol buraxmadan başa vuran cəmi bir qapıçı var.
2006-cı ildə Almaniyada keçirilən çempionatda 4 matçda qapısında qol görməyən isveçrəli qapıçı Paskal Zuberbühler tarixi uğura imza atıb. Qrupu lider tamamlayan və son 16 komanda arasında qalan İsveçrə bu turda Ukrayna ilə 0:0 hesablı heç-heçə edib və penaltilər seriyasından məğlub ayrılıb.
Vüsal Cahanov, “İki sahil”