Noyabrın 24-də Bakı Ali Neft Məktəbinin Konqres zalında Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Neft-Kimya Prosesləri İnstitutunun və Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovun anadan olmasının 70-ci ildönümünə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, yədbiri giriş sözü ilə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov açaraq sözü Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyliyə verib. Akademik İsa Həbibbəyli akademik Vaqif Abbasovu yubiley münasibəti ilə təbrik edərək, ona AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunmuş Yusif Məmmədəliyev adına xatirə nişanını təqdim edib.
Sonra akademik Vaqif Abbasovun həyat və fəaliyyəti haqqında Neft-Kimya Prosesləri İnstitutunun icraçı direktoru, texnika elmlər doktoru Nizami Mürsəlov məruzə etdi.
Daha sonra tədbir iştirakçılarından Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatları Sadiq Qurbanov, Etibar Əliyev və universitet rektorları, akademiklər çıxış edərək akademik Vaqif Abbasovu yubiley münasibəti ilə təbrik ediblər.
Sonda akademik Vaqif Abbasov çıxış edərək tədbirin təşkilatçılarına və iştirak edən qonaqlara öz dərin təşəkkürünü bildirib.