Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələyə başlaması oldu.
Şəxsində siyasi bilik və təcrübə sərgiləyən əsl vətənpərvərlik nümunəsi ilə o, öz xalqına olan sədaqətini bir daha nümayiş etdirdi və ölkənin mütərəqqi düşüncəli insanlarını öz ətrafında sıx birləşdirməyə nail oldu. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər də az rol oynamadı. Partiyadaşları o günləri yaxşı xatırlayırlar və gənc nəsil də bilməlidir ki, 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladığı dövrlərdə Azərbaycan Respublikası keçmiş Sovet İttifaqının müttəfiq respublikaları arasında bir sıra göstəricilərə görə axsayırdı. Məhz onun aktiv fəaliyyəti nəticəsində ölkəmiz 1982-ci illərə doğru qabaqcıl yerlərə gəldi. Əgər, keçmiş sovetlər məkanında bir neçə respublika əsasən donor respublika sayılırdısa, onlardan biri də Azərbaycan idi. O vaxt onun gördüyü ölkə əhəmiyyətli layihələrin sırasında həm kənd təsərrüfatı, həm də yüngül və ağır sənaye sahələrinin inkişaf etdirilməsi məsələləri dururdu.
Bir də ki, onun qətiyyəti və cəsarəti ilə xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı barışmaz mübarizəsi, haqlı olaraq ona xalqın rəğbətini qazandırmışdır. Məlum dövrlərdə Azərbaycan Respublikasında Sovet İttifaqının saxlanmasına dair keçirilmiş referendum və bu referendumun nəticələri kobudcasına saxtalaşdırılmasına da öz kəskin münasibətini bildirmişdir. Sanki, Azərbaycan xalqı müstəqillik istəmir, sovet birliyinin tərkibində yaşamaq istəyir. Bu durum, təbii ki, absurd idi. Çünki, 20 Yanvar hadisələri hələ təzə-təzə baş vermişdi, Azərbaycana qarşı edilən ədalətsizlik, Dağlıq Qarabağdan və ondan sonra ətraf bölgələrdən azərbaycanlıların qovulması, Ermənistandan azərbaycanlıların öz əzəli torpaqları olan dədə-baba yurdundan qovulması - bütün bunlar Azərbaycan xalqının qəlbində yara kimi qalmışdı. Belə olan vəziyyətdə hansı vətənpərvər insan müstəqilliyin əleyhinə səs verə bilərdi ki?
Odur ki, Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev referendumun keçirilməsinə imkan vermədi və bu, o dövr üçün çox böyük qətiyyət və cəsarət tələb edən bir addım idi. Həm də, onun göstəriş və təşəbbüsü ilə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi bayraq kimi təsis edildi və o zaman Sovet İttifaqının dağılması ərəfəsi idi.
Yəni, bütün bu faktorlar onu deməyə əsas verir ki, Ulu Öndərlə xalq qarşısında hörmətin, onun yorulmaq bilmədən göstərdiyi bu fəaliyyətlər sayəsində mümkün olmuşdur.
Yeni Azərbaycan Partiyasının yaradılması tarixi zərurəti də elə o vaxtlar yarandı və xalqımızın xeyir-duası ilə də yaradıldı. Həmin dövrdə cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyətlər, eyni zamanda, daxili böhranlarla müsahidə olunurdu. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur. O günləri, o ayları təsəvvür etmək üçün, bu gün Ermənistanda baş verən xaosa və hadisələrə nəzər yetirmək kifayətdir.
Faktiki olaraq onun eynisidir, ümidsizlik, cəmiyyətdə hökm sürən total apatiya, depressiya və heç bir siyasi qüvvəyə inamın olmaması, bax, bu idi o vaxt gənc müstəqil Azərbaycanın mənzərəsi. Belə olan vəziyyətdə haqlı olaraq sual meydana çıxırdı ölkə necə inkişaf etdiriləcək və
bu vəziyyəti dəyişdirəcək bilik, bacarıq və təcrübəyə sahib kim idi ? Təbii ki, bu aktual sualın cavabı yek idi və yekdilliklə də hamı bir ağızdan onu - müstəqil Azərbaycan Respublikasının memarını, səsləyirdi…
Digər tərəfdən də Heydər Əliyev məktəbinin bu gün layiqli davamçısı Müzəffər Ali Baş Komandan, YAP-nın sədri, cənab Prezidentimiz bu taleyüklü missyanı davam etdirmiş və xalqın dəstəyi ilə qazandığı öz uğurları ilə də ölkəmizin tarixinə imzasını atmışdır.
44-günlük Qarabağda apardığımız Zəfər savaşı özümüz və ətraf aləm barədə təsəvvürümüzü kökündən dəyişdirmişdir, o, xalqı həqarət vəziyyətindən çıxartdı, bizi öz gözümüzdə ucaltdı. Həmçinin, xalqımızı birdəfəlik xroniki məğlubiyyət sindiromundan xilas edilərək, şanlı qalibiyyət-ZƏFƏRi fenomenini yaşatdı. Bu müharibə sözün həqiqi mənasında Vətən müharibəsinə çevrildi və xalqımızı bir dəmir yumruq kimi Müzəffər Ali Baş Komandanımlzın ətrafında daha sıx birləşdirdi, həm də vətənimizi, milli və mənəvi dəyərlərimizi müdafiə etmək əzmimizi və iradəmizi nümayiş etdirdi. O cümlədən, son illər ərzində ölkəmizin həyatında ən önəmli hadisə olan, ərazi bütövlüyümüzün bərpası ilə vətən müharibəsinin parlaq qələbəsi - təntənəli zəfər bayramına çevrildi.
Azərbaycan öz ərazi bütövlüyünün bərpası ilə tarixi ədaləti bərpa etdi, işğalçıları öz əzəli torpaqlarımızdan qovdu və tarixi haqq-ədalət yerini tapdı. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib düşmənə sarsıdıcı zərbələlə öz tarixi torpaqlarını mənfur işğalçılardan azad etdi.
Müzəffər Ali Baş Komandanımız yaratdığı möhkəm iqtisadi təməllər əsasında Azərbaycan ildən-ilə gücləndi, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaradıldı, münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Məhz iqtisadi gücümüzlə müdafiə sənayesi inkişaf etdirildi, müdafiə potensialımız daha da artdı və bununla da rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən azad Qarabağda, azad Şuşada qürurla dalğalanmağa başladı.
Aşağıdakı misarlar bu yerdə tam da yerinə düşür:
“Qarabağım, gözəl Şuşam talan oldu,
Təbriz dərdi, Dərbənd dərdi yalan oldu.
Qalx ayağa, vətən oğlu, sən qisas al,
Qalib zəfər bayrağını zirvəyə çal.”
Hal-hazırda, regionda yeni bir vəziyyət yaranmışdır ki, bu vəziyyəti xalqımızla ordumuzun Ali Baş Komandanın ətrafında sıx birliyini tələb edir.
Biz, həm də hamılıqla bu reallıqları yaradan ölkəyik. Belə ki, dövlətimizin uğurlu enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, onlar bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratmış oldu.
Bu gün bu layihələr ətrafında birləşən və bu layihələri bizimlə bərabər icra edən ölkələrin sayı da durmadan artmaqdadır. Ona görə son vaxtlar dövlətimizin apardığı öz aktiv daxili və xarici siyasətilə bağlı dünyada gedən düzgün təhlillər və ölkəmizin fəaliyyətinə verilən yüksək qiymətlər tam həqiqəti əks etdirir. Həmçinin, ikinci Qarabağ müharibəsinin nəticələri, bölgə üçün qaçılmaz olan yeni reallıqları yaratmışdır. Belə ki, bölgədə yeni əməkdaşlıq imkanları uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər yaratmışdır və eyni zamanda, ölkəmiz yeni intibah dövrünə qədəm qoymuş və özü ilə də yeni - yeni fürsətləri və imkanları ortaya qoymuşdur.
Hal-hazırda, hamılıqla biz Böyük Qələbənin təsiri altındayıq, döyüş təcrübəsi və təchizatı ilə bir sıra inkişaf etmiş ölkələrin hərbi qurumlarının araşdırma mövzusuna çevrilmiş ordumuzla da fəxr edirik.
Lakin, onu untutmamaq lazımdır ki, ölkəmizin güclü iqtisadiyyatı olmasaydı, belə bir güclü ordu da qurula bilməzdi. Eyni zamanda, azad edilmiş ərazilərdə geniş vüsət alan yenidən qurma işləti ilə ölkəmizin iqtisadiyyatının gələcək inkişafına güclü təkan veriləcək, həmin ərazilərdə innovativ və yüksək texnoloji layihələrin - “ağıllı şəhər və kəndlərin”, “yaşıl enerji” və altefnativ enerji qaynaqlarının yaradılması, bu istiqamətdə planlı işlərin həyata keçirilməsi özü ilə yeni məskunlaşma ortamında rahat və əlverişli yaşayış şəraitini də təmin edəcəkdir.
Bir daha biz qürur duyuruq ki, ölkəmizin və xalqımızın bütün əlamətdar tədbirlərində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan işlərin böyük əksəriyyəti əsasən ölkəmizin müdafiə potensialının gücləndirilməsi ilə bağlıdır.
Odur ki, Ümummilli Liderin təbirincə desək: “xalqla ordunun birliyi, həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.”
Həmçinin, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir. Dövlət başçısı dəfələrlə Zəngəzur dəhlizinin açılmasının önəmini qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub. O, Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmağın heç bir mənası olmadığını da vurğulayıb. O cümlədən, dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyi və bu proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərin həlli yolları bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü bir daha ortaya qoymuş oldu. Bütün bu fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün də geniş əhatəli bir yol xəritəsi hesab edilə bilər.
Hesab edirik ki, nəticə etibarı ilə bölgənin inkişafı və tərəqqisi naminə bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına öz töhfələrini verməlidirlər. Unutmayaq ki, “44 günlük Vətən müharibəsi şanlı tariximiz, vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş cəmi şəhidlərimizin məzarı əbədi ziyarətgahımız, qazilərimiz iftixarla anılan qürur mənbəyimizdir!
Aldığımız hər nəfəs, onların verdiyi son nəfəsə borcludur!”
Həm də, deyirlər ki, şəhidlərin doğum günü olur, ölüm günləri olmur və onlar unudulmadıqca qəlblərdə, o cümlədən tariximizə öz qanları ilə yazıdıqları qəhrəmanlıq salnamələrində yaşayırlar. Əslində onlar elə diridirlər və xatırlandıqca da bizi də dirildirlər! Onlar xalqımıza və məmləkətimizə öz şəhidlik zirvəsinə ucalmaları ilə hər an anılmalı bir ömürü bəxş etdilər. Həmçinin, “bir ailənin çırağını söndürüb, fəqət, məmləkətin günəşini daha gur yandırmışlar!”
Onların ruhları qarşısında baş əyir, ailələrinə səbr, hər birinə isə Allahdan rəhmət diləyirik!
Birlikdə güclüyük!
Qarabağ Azərbaycandır!
Əflatun MƏMMƏDOV,
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun l müavini,
İnternet və Yüksək Texnologiyalar üzrə ekspert