25 noyabr 2022 16:07
306

Vaqif Mustafayevin filminin internetə sızdırılması ilə bağlı tədbir görülür

Xalq artisti Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” bədii filminin qanunsuz olaraq internetə sızdırılan işçi materialının filmin Bursada keçirilən 2-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında “Ən yaxşı rejissor” nominasiyasının qalibi olan, ən son təsdiqlənmiş versiyasına heç bir aidiyyəti yoxdur.

Bu barədə “İki sahil”ə nazirlikdən bildirilib.

Qeyd olunub ki, bununla bağlı müvafiq tədbirlər görülür:

"Nazirlik olaraq bu hadisəni "Həyat, deyəsən, gözəldir" filminin istehsalçısı Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının və filmin müəlliflərinin hüquqlarının pozulması kimi qiymətləndiririk. Filmin Azərbaycanda kütləvi nümayişi isə festival həyatı başa çatdıqdan sonra həyata keçiriləcək. Təxribat xarakterli bu hadisə ilə bağlı filmin müəlliflik hüququnun məxsus olduğu "Azərbaycanfilm" kinostudiyası tərəfindən müvafiq tədbirlər görülür".