26 noyabr 2022 15:39
536

Zəngəzur dəhlizi barədə müzakirənin vektoru dəyişdi

Paşinyan Putinlə söhbətini saxtalaşdırdı, ya Putinin ikibaşlı oyunu....?

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin vektorunu dəyişdi. ADA Universitetində Prezidentin çıxışını dinləyəndən sonra bu qənaətə gəlməli oluruq. Prezident İlham Əliyev dedi ki, biz bu gün Zəngəzur dəhlizi ilə bağlı müzakirəni faktiki olaraq Rusiya ilə aparırıq. Prezident davam edərək Ermənistanın və  İranın bu dəhlizə mane olmaq iqtidarında olmadıqlarını da sözlərinə əlavə edib. Bu fikirlərdə bir neçə yeni fakt və məntiqi nəticələr var.

Əvvala, qəti təsdiqlənir  ki, Zəngəzur dəhlizi ilə bağlı proseslərin həlledici olmasa da, mərkəzi fiquru Azərbaycan idi və belə olaraq da qalır.

İkinci, məlum olur ki, mərkəzi güc fiquru olan Azərbaycan indiyə qədər müzakirələri başqa ikitərəfli və ya çoxtərəfli istiqamətlərdə aparırdısa, bu gün müzakirə faktiki Rusiya ilə aparılır. Yəni, Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün aparılan müzakirələrin vektoru dəyişib, onu dəyişən isə Azərbaycandır.

Üçüncü, İranın və Ermənistanın Zəngəzur dəhlizinə mane olmaq iqtidarları yoxdursa, demək, onların bu dəlizin  açılmasını sürətləndirmək potensialları da o qədər böyük deyil.

Dördüncü, onlarla bu yöndə müzakirələrə vaxt itirməyin  qarşısını almaq və bütün gücü Rusiya ilə müzakirəyə yönəltmək Prezident İlham Əliyevin doğru qərarıdır .

Beşinci, Zəngəzur dəhlizinin açılmasını sürətləndirə və ya gecikdirə biləcək əsas güc Rusiyadır. Əslində bu məntiqi nəticəmizlə Rusiyanın çox böyük məsuliyyət altında olduğunu qətiləşdirmiş oluruq. Konkret desək, dəhlizin açılması üçün indiyədək görülməsi zəruri olan, lakin görülməmiş işlərin məsuliyyəti Rusiyanın və şəxsən Rusiya Prezidenti Vladimir Putinin boynundadır. Ancaq bunlar heç də o demək deyil ki, Rusiyanın Zəngəzur dəhlizini sürətləndirmək imkanları qədər onu ləngitmək imkanları da böyükdür, ya məhdudiyyətsizdir. Elə bir hədd gəlib çatacaq ki, Rusiya hətta açıqca istəsə belə, Zəngəzur dəhlizinə mane ola bilməyəcək. Bunu indiki geosiyasi reallıqlar deyir.

Əvvala, Zəngəzur dəhlizi bir regionun kommunikasiyası statusundan çıxaraq artıq Avrasiyanın, materikin, qitələrin arasının elementinə çevrilib. İlham Əliyev Zəngəzur dəhlizini Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin daha səmərəli fəaliyyəti üçün əlavə güc mənbəyi kimi təqdim edə bilib. Prezidentin Şanxay Əməkdaşlıq Təşkilatının  son zirvəsində Zəngəzur dəhlizi ilə bağlı dediklərini xatırlamaq yerinə düşür. Təşkilatın yekun sənədində Avrasiyanın Termez-Kabil-Peşəvər dəmiryolu, Bakı-Tbilisi-Qars dəmiryolu kimi komunikasiyaları  ilə bir sırada Zəngəzur dəhlizinin də adının çəkilməsi həm dəhlizin materikal əhəmiyyətini göstərir, həm də onu təsdiqləyir ki, Prezident Əliyev Zəngəzur dəylizinin beynəlxalq təqdimatını əla icra edib.

İkinci, ortada güclü Türkiyə faktoru var. Rusiya hazırda dünyanın bir neçə qaynar nöqtəsində Türkiyə ilə işbirliyinə dərin ehtiyac içində olduğu üçün Zəngəzur dəhlizinə münasibətdə Türkiyə ilə razılaşmaya bilməz. Türkiyənin isə Zəngəzur dəhlizində həyati maraqlı olduğunu sadəcə söyləmək kifayətdir.

İndi hər kəs dəqiq mesaj ala bilər ki, Zəngəzur dəhlizinin MƏRKƏZ FİQURU Azərbaycandır, HƏLLEDİCİ FİQURLARI Rusiya və Türkiyədir, MƏSUL FİQURU isə tək Rusiyadır. Dəhliz aşırı dərəcədə geciksə, bunun bütün cavabdehliyini Rusiya daşımalıdır.

Bu günlərdə Yerevanda KTMT-nin iclası çərçivəsində Putinlə görüşmüş Paşinyanın sözlərinə baxın. Deyir ki, Azərbaycanın qərbini Naxçıvanla birləşdirən Horadiz-Mehri-Ordubad -Arazdəyən (Erasx) dəmiryolunu sürətləndirməyi müzakirə etdik, yəqin ki, buna investisiya lazım olacaq, və sair. Burda Paşinyanın kimlərdənsə nələrsə qopartmaq niyyətini kənara qoyaq. Qayıdaq onun sonrakı sözlərinə. Deyir ki, bu dəmir yolu  sonda "Erməni qovşağını" gerçəkləşdirəcək, bu qovşaq isə Ermənistanı İran və Azərbaycanla, sonuncunu isə Naxçıvan və Türkiyə ilə bağlayacaq. Sitat bitdi. Siz bunların "qovşaq məntiqinə" baxın, özlərindən əndrabadi bir "qovşaq "düzəldərək onu Zəngəzur dəhlizinə alternativ qoymaq istəyirlər. Bunun məsuliyyətini isə Paşinyan yox, məhz Putin daşımalıdır. Çünki, Putin görüşdən sonra Paşinyana istədyi kimi danışmaq imkanı verib. Əks halda Paşinyana düzəliş etməli və soruşmalı idi ki, bizim üçlükdə imzaladığımız 10 noyabr sənədində Naxçıvana doğru tək dəmiryolu yox, onunla paralel avtomobil yolu barədə də razılaşmışıq axı? Demək, Naxçıvana tək dəmiryolundan danışmaqla Paşinyan ya Putinlə söhbəti saxtalaşdırıb, ya da Putin ikibaşlı oyun oynayır və Paşinyanı faktiki "dəhliz məntiqinə" qarşı kökləyir. Paşinyan yaxşı bilir ki, Naxçıvana tək dəmiryolunun olması "dəhliz məntiqinin" ortadan çıxması deməkdir...

Bunlar bir daha təsdiqləyir ki, Zəngəzur dəhlizi ilə bağlı müzakirəni  Rusiya ilə  aparmaq həqiqətən ən real qərardır.

Aydın Quliyev