27 noyabr 2022 14:10
452

Azərbaycan tarixi ədaləti bərpa etdi

Qarabağ problemi dünyanın uzun sürən münaqişələrindən biri idi. Azərbaycanın məsələyə səbirlə yanaşaraq danışıqlar, müzakirələr tərəfdarı olmasını təəssüf ki, Ermənistan tərəfi düzgün qiymətləndirmədi. Xaricdə bəzi havadarlarına arxalanaraq təxminən 27 il beynəlxalq qərarlara laqeydlik göstərdi. Müxtəlif vaxtlarda hətta dinc sakinlərimizi belə hədəf almaqdan çəkinmədilər. Azərbaycanın 20 faiz torpaqlarının işğalı, 1 milyon əhalisinin köçkünlük həyatı yaşaması, mülkü əhalinin atəşə tutulması, itkilər verilməsinə baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən Ermənistana hər hansı cəza tədbiri görülmədi. 44 günlük Vətən müharibəsi haqqın bərqərar olduğu, günahsız insanların qisasının alındığı, dədə-baba yurdundan didərgin düşmüş əhalinin torpağına qovuşduğu tarixi hadisədir.

27 sentyabrdan başlayan və Azərbaycanın Müzəffər Ordusunun şücaəti, fədakarlığı, peşəkarlığı sayəsində məğlubiyyətini etiraf edib kapitulyasiya aktını imzalamağa məcbur qalan Ermənistan Azərbaycanın təkbaşına hərbi gücünü gördü. Üçtərəfli müqavilənin şərtlərindən biri də, Kəlbəcərin, Ağdamın və Laçının döyüş əməliyyatı aparılmadan Azərbaycana qaytarılması idi. Ermənilər Kəlbəcərin qaytarılmasını yubatmaqla bu bəndin yerinə yetirilməsini uzatmağa çalışsa da, yalnız əlavə on gün qazana bildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, “döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

2020-ci il 1 dekabr tarixi Zəfərimiz yolundan unudulmaz günlərdən biridir. Zəngin təbiəti, böyük meşə sahələri, çayları, tarixi abidələri, yeraltı sərvətlərilə dilbər guşələrimizdən sayılan Laçın rayonu Azərbaycan Ordusunun nəzarətinə keçdiyi gündür.

Ötən illər ərzində torpaqların Azərbaycana qaytarılması üçün müəyyən danışıqlar aparılmışdır. Lakin mərhələli şəkildə “həll edilməsi” nəzərdə tutulan bu danışıqlarda Azərbaycan tərəfinə I Qarabağ müharibəsində məğlub tərəf kimi yanaşılaraq hər bir şərtə razı olması təklif edilirdi.

Azərbaycan illər ərzində ərazi bütövlüyün həm siyasi, həm də hərb yolu ilə həll etməyə hazır olmuşdur. Ermənistanın apardıqları bütün təxribatlara səbirlə dözülür, məsələnin danışıqlar yolu ilə həlli gözlənilirdi. Eyni zamanda, Azərbaycan dövət kimi iqtisadi və siyasi cəhətdən gücləndi. O, dünya təcrübəsilə ayaqlaşan güclü orduya, müasir silahlara sahib oldu. Müzəffər Ordumuzun sayəsində Vətən müharibəsində qazandığımız Zəfərimizlə 27 il kağız üzərində qalan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Torpaqlarımız işğaldan azad olundu. Cənab Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi, “Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri