28 noyabr 2022 18:37
322

Parisdə “Natəvan” Azərbaycan həftəsonu məktəbinin fəaliyyəti bərpa edilib

Parisdə “Natəvan” Azərbaycan həftəsonu məktəbinin fəaliyyəti bərpa edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Diaspora Komitəsindən məlumat verilib.

Bildirilib ki, Fransanın paytaxtı Paris şəhərində yerləşən Azərbaycanın Mədəniyyət Mərkəzinin nəzdində “Natəvan” Azərbaycan həftəsonu məktəbi yenidən fəaliyyətə başlayıb.

Bu mühüm hadisə Diaspora üzrə Dövlət Komitəsinin və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşdirilib.

Məktəbin açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Fransadakı səfirliyinin, Azərbaycan diasporunun və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bildirib ki, dövlətimiz Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirir. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi ana dilinə, milli adət-ənənələrimizə və qədim mədəniyyətimizə qayğı siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. O qeyd edib ki, xarici ölkələrdə Azərbaycan dili dərslərinin tədrisinin təşəbbüsçüsü ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva olub və bu tendensiya dünya ölkələrində uğurla davam edir.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev nəzərə çatdırıb ki, ilk “Qarabağ” Azərbaycan həftəsonu məktəbi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məhz Fransanın Nant şəhərində açılıb. Bu addım xaricdə yaşayan soydaşlarımıza ana dilimizin öyrədilməsi, “Qarabağ” sözünün xalqımıza məxsusluğunu, bizə nə qədər əziz olduğunu sübut etmək naminə atılıb. Azərbaycan dövlətinin diaspora qayğı ilə yanaşdığı, dünyada öz soydaşlarını dəstəkləyən yeganə dövlət olduğu bildirilib. Komitənin bu istiqamətdə daim soydaşlarımıza dəstək göstərəcəyini vurğulayan sədr müavini Fransada böyüyən balaca soydaşlarımıza Azərbaycan dilini öyrənməkdə uğurlar arzulayıb.

Açılış mərasimində çıxış edənlər məktəbin təşkilatçılarına, müəllimlərinə, şagirdlərə və valideynlərə ana dilimizə göstərdikləri marağa görə təşəkkür ediblər. Məktəbin fəaliyyətinin bərpasında məqsədin Azərbaycan dilini Fransadakı uşaqlara öyrətmək, Azərbaycan mədəniyyətini, ənənələrini təbliğ etmək olduğunu vurğulayıblar.

Məktəbin təşkilatçısı Aytən Muradova bildirib ki, şagirdlər dilimizi mənimsəməklə yanaşı, musiqi, rəsm, şahmat və digər dərnəklər vasitəsilə Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaqlar. Rəsm dərsini Azərbaycanın əməkdar rəssamı Əsmər Nərimanbəyova, musiqi dərsini pianoçu Səidə Zülfüqarova, Azərbaycan dili dərsini isə filoloq Kəmalə Gülməmmədova tədris edəcəklər.

Məktəbdə ilk tədris “Azərbaycan dili” dərsi ilə başlayıb.

Qeyd edək ki, COVID-19 pandemiyasına görə “Natəvan” məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı.