Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb.
“İki sahil” xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində aşağıdakı dəyişikliklər edilir:
- 211-ci maddənin 1-ci hissəsi üzrə:
- dördüncü abzas aşağıdakı redaksiyada verilsin:
“yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin;”;
- beşinci – yeddinci abzaslar müvafiq olaraq yeddinci – doqquzuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda beşinci və altıncı abzaslar əlavə edilsin:
“hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin;
hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amillərinin;”.
- 240-cı maddənin 1-ci hissəsinin ikinci cümləsində “qadın əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə” sözləri “bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan iş yerlərinə (işlərə)” sözləri ilə əvəz edilsin.
- 241-ci maddə ləğv edilsin.
- 243-cü maddəyə aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:
“2-1. Bu Məcəllənin 211-ci maddəsinin 1-ci hissəsinin beşinci və altıncı abzaslarında nəzərdə tutulan hallar baş verdikdə həmin hallar aradan qalxanadək işəgötürən hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınları yüngül işə keçirməlidir.”.