01 dekabr 2022 01:14
452

Yeni reallıqlar islahatlar prosesini dərinləşdirir

Demokratik təsisatların inkişafına yönələn addımlar hər dövrün, zamanın tələblərinin yüksək səviyyədə cavablandırıldığını təsdiqləyir

2020-ci il 10 mart tarixində  altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxış edən dövlət başçısı İlham Əliyev bu çağırışı etdi: «Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Hazırda siyasi partiyanı yaratmaq üçün heç bir ciddi meyar tələb olunmur. Hesab edirəm ki, bu praktikaya son qoyulmalıdır. Əgər biz doğrudan da istəyirik ki, Azərbaycanda çoxpartiyalı sistem inkişaf etsin, - biz bunu istəyirik və iqtidar partiyası kimi bunu təqdim edirik, - onda, əlbəttə, siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır. Bu, hesab edirəm ki, Milli Məclisin gündəliyində duran məsələlərdən biri olacaqdır.» Bu çağırış təbii ki, yeni dövrün reallıqlarına uyğun  yeni qanunların qəbulunu, həmçinin bəzi sənədlərə əlavə və dəyişikliklərin edilməsini bir tələb kimi qarşıya qoydu. 

Bu mühüm məqamı da nəzərə alaq ki, Azərbaycan islahatlar ölkəsidir. Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə, yeniləşmə dövlət siyasətinin prioritet istiqamətidir. Ən əsası ölkəmizdə  iqtisadi və siyasi islahatların paralelliyinin qorunması davamlı uğurları şərtləndirən amillər sırasındadır. Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratik təsisatların inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Bütün fundamental hüquqlar, o cümlədən mətbuat, sərbəst toplaşma azadlığı, dini etiqad azadlığı, vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir. Siyasi münasibətlərdə dialoq mühitinin dəstəklənməsi də demokratik ənənələrin inkişafına xidmət edən addımlar sırasındadır. Azərbaycan hakimiyyəti müxtəlif təşəbbüslər vasitəsilə dialoq məfhumunun aktuallığının qorunmasını təmin edir. Dövlət başçısı İlham Əliyev 2018-ci il prezident seçkilərində qələbəsindən sonra andiçmə mərasimində qarşıdakı dövrdə həyata keçiriləcək islahatların anonsunu vermişdi. Sistemli islahatlar öz növbəsində siyasi münasibətlər sistemini də əhatə edir. Siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində önəmli addımlar atılır və bu prosesin davamlı olacağı bildirilir. Bütün bunların nəticəsidir ki, ölkəmizin artıq gündəlik siyasi təcrübəsinə daxil olmuş iqtidar-müxalifət dialoqu davamlı şəkildə inkişaf edir.

Hər sahədə təcrübəsi nümunə olan Azərbaycanın siyasi dialoq mühitinin formalaşdırılması istiqamətində də təqdim etdiyi model beynəlxalq səviyyədə təqdir olunur. Bu model belə bir ümumi mənzərəni ortaya qoyur ki, ölkəmizdə dayanıqlı inkişafın, siyasi sabitliyin, həmrəylik mühitinin və demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlər keçirir, aktual məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Bu tədbirlər siyasi dialoq mühitinin daha sağlam zəmində formalaşmasına öz müsbət təsirini göstərir. Reallıq budur ki, dövlət başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti inkişaf edir. 44 günlük İkinci Qarabağ müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda  siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi oldu. 50-dən artıq siyasi partiya dövlət başçısı İlham Əliyevin siyasətini dəstəkləyən bəyanat imzaladı. Hazırda demokratik dəyərlərin təşviqinə xidmət edən bu kimi təşəbbüslərin icrası uğurla davam etdirilir.

Son vaxtlarda siyasi partiyalar arasında birliyin, həmrəyliyin yaradılması fonunda onların fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlar da diqqətçəkəndir. Əksər siyasi partiyaların ofislərinin yenidən bərpası, qurultaylarının keçirilməsi üçün zəruri yerlərin müəyyənləşdirilməsi, bir neçə partiyanın qeydiyyatının təmin olunması bu diqqət və qayğının tərkib hissələridir. Bu addımlar sırasında Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciətini qeyd etməliyik.  Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb. Reallıqlarımız fonunda "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin təsdiqlənməsi siyasi dialoq mühitinin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərəcək.

Göründüyü kimi, ölkəmizdə demokratikləşmə prosesinin sürətləndirilməsi sadəcə bir şüar, niyyət deyil, ölkəmizin hərtərəfli inkişafının əsasıdır. Dövlət başçısı İlham Əliyev bu reallığı hər zaman önə çəkir ki, dünyada elə ölkələr var ki, iqtisadi inkişafı yüksəkdir, amma demokratik inkişafından danışmaq qeyri-mümkündür. Elə ölkələr də var ki, əksinə demokratik inkişafı ilə seçilir, iqtisadi inkişafı aşağı səviyyədədir. Lakin Azərbaycanda iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafı təmin etməklə yanaşı, Azərbaycanın inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsində stimulverici amilə çevrilib. Dövlət başçısı İlham Əliyev daim xarici ölkələrə səfərləri çərçivəsində, həmçinin xarici mətbuata müsahibələrində ona ünvanlanan “Siz Azərbaycanda hansı siyasi islahatları uğurlu hesab edirsiniz və siyasi inkişaf üçün, ölkədə siyasi islahatlar üçün daha nə etmək lazımdır” sualına cavabında bildirir ki, bu mövzu daim bizim fəaliyyətimizin gündəliyindədir, siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil. Son dövrlərdə bu istiqamətdə çox işlər görülüb. Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demokratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 85 faizinə yaxınlaşır. Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Azərbaycan Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərinə öhdəliklər götürüb və bunları uğurla yerinə yetirir. Cənab İlham Əliyev, həmçinin bildirir ki, inkişaf etdirilən istiqamətlər arasında ictimai nəzarətin gücləndirilməsini qeyd etməliyik: “Mən bu barədə dəfələrlə fikrimi söyləmişəm və vətəndaşları dəyişikliklərin həyata keçirilməsinə nəzarət məsələsində daha fəal olmağa çağırmışam. Ona görə ki, Azərbaycanda sosial-iqtisadi inkişaf, infrastrukturun inkişafı baxımından çox iş görülür və bəzən ictimai nəzarətin yetərincə olmaması pozuntulara və nəzərdə tutulan planların ləngiməsinə gətirib çıxarır. Bundan əlavə, əlbəttə, biz Azərbaycanın demokratikləşməsi istiqamətində fəaliyyətimizi də davam etdirəcəyik. Biz açıq ölkəyik. Biz bu yolu şüurlu şəkildə seçmişik və həm siyasi, həm də iqtisadi islahatların inkişafını davam etdirəcəyik.” 

Ölkəmiz demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə sübut etdiyini atdığı addımları ilə təsdiqləyir. Sabitliyin, qanunun aliliyinin təmin olunduğu ölkədə demokratik inkişafın qaçılmaz olduğunu önə çəkən cənab İlham Əliyev insan hüquq və azadlıqlarının qorunması və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımlar atır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza bu günə qədər üç dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi insan amilinə verilən dəyərlə yanaşı, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmənin hər zaman prioritet olduğunu təsdiqləyir. 2002, 2009 və 2016-cı illərdə keçirilən ümumxalq səsverməsində müzakirəyə çıxarılan əlavə və dəyişikliklərin böyük əksəriyyəti insan hüquqlarının qorunmasına, idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edir. 2009-cu il referendumunda “Dövlətin ali məqsədi” maddəsinə belə bir əlavə olundu ki, dövlətin ali məqsədi insan hüquq və azadlıqlarının qorunması və yüksək rifah halının təmin edilməsidir. 2016-cı il referendumunda təqdir olunan əlavə və dəyişikliklərdən biri vitse-prezidentlik institutunun yaradılması, eyni zamanda, prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması oldu. Bu da ölkəmizin idarəetmə sistemində təkmilləşməyə xüsusi diqqət yetirdiyini təsdiqlədi.

Demokratik, hüquqi cəmiyyəti azad mətbuatsız da təsəvvür edə bilmərik. Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır. Bu il yeni «Media haqqında» Qanunun qəbulu da özündə mühüm məqamları ehtiva edir. Dövlət başçısı İlham Əliyev Azərbaycan mətbuatının inkişafında yeni mərhələ kimi dəyərləndirilən, 9 fəsildən, 78 maddədən ibarət olan “Media haqqında” Qanunu təsdiqlədi. Yeni Qanunun qəbulunu zəruri edən səbəblər və perspektivlər barədə müzakirələr aparıldı, müxtəlif fikirlər səsləndirildi. Ümumi rəy bundan ibarətdir ki, hər dövrün, zamanın öz tələbləri var. Nəzərə alsaq ki, media hər bir ölkənin inkişaf səviyyəsini, yeniliyə, təkmilləşməyə nə qədər açıq olduğunu göstərir, bu halda məlum olur ki, 1999-cu ildə həmin dövrün reallıqları fonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanunla sonadək addımlamaq mümkünsüz idi. Ölkə Prezidenti İlham Əliyevin çağırışlarında da daim bu məqam xüsusi yer alır ki, Azərbaycan mətbuatı dövrün tələblərini lazımi səviyyədə yerinə yetirməlidir. Ona görə ki, Azərbaycan dövləti daim yeniliyə, təkmilləşməyə maraq göstərir. Bu baxımdan cəmiyyətin idarə olunmasında, ayrı-ayrı sahələrin inkişafında əsas rol oynayan qanunlarımız da dəyişməz olaraq qalmır, vaxtaşırı qanunvericilik aktlarında əlavə və dəyişikliklərin edilməsinə zərurət duyulur və dövrün tələbləri nəzərə alınır. “Kütləvi informasiya vasitələri haqqında” Qanuna ötən 23 ildə 79 dəfə dəyişiklik edilmişdir. Bu müddət ərzində, xüsusilə tarixi Zəfərimizdən sonra  digər sahələr kimi, mətbuatda da çoxsaylı yeniliklər baş verib, müasir çağırışlar ortaya çıxıb. Təbii ki, sözügedən Qanuna edilən əlavə və dəyişikliklər bu çağırışları yüksək səviyyədə cavablandırmaq imkanlarına malik ola bilməzdi. Yeni Qanunun qəbulu məhz bu zərurətdən yarandı.

Tarixi Zəfərimizin reallıqları fonunda həyatımızın bütün sferalarında yeniləşmə, təkmilləşmə qaçılmazdır. Ölkənin inkişafında əhəmiyyətli rola malik olan siyasi partiyaların, ictimai birliklərin fəaliyyətinin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir. «Siyasi partiyalar haqqında» Qanunun qəbul olunduğu 1992-ci ildən bu günədək sənədə 27 dəfə əlavə və dəyişikliyin edilməsi də deyilənlərin təsdiqidir. Çünki Qanun qəbul olunduğu dövrün reallıqlarına cavab verirdi. İllər keçdikcə ölkənin həyatında yeniliklər baş verir, yeni tələblər qarşıya qoyulur. Hazırkı dövrdə tarixi Zəfərimizin reallıqlarını nəzərə alsaq siyasi islahatların dərinləşdirilməsi inkaredilməzdir. Bir neçə ay əvvəl parlamentdə təmsil olunan 11 siyasi partiya Milli Məclisin rəhbərliyinə müraciət edərək yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Ötən dövrdə yeni qanun layihəsi  hazırlandı və  ölkədə fəaliyyət göstərən siyasi partiyalara qanunla bağlı təkliflər vermələri tövsiyə edildi. Bir çox partiyalar sənədlə bağlı öz təkliflərini verdilər. Yeni qanun layihəsi ilə bağlı parlamentdə ictimai dinləmələrin keçirilməsi də bu yöndə müsbət addım oldu.

Noyabrın 29-da Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini birinci oxunuşda təsdiqlədi. Yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub. Qanun layihəsinin hazırlanması zamanı Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Layihənın hazırlanması ilə əlaqədar ekspert komissiyası yaradılıb və bu komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilib. Bununla yanaşı, siyasi partiyalar tərəfindən daxil olan təkliflərə diqqət yetirilib. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub. Sənədin yenilənməsi zamanı layihədə 66 dəyişiklik edilib.

Göründüyü kimi, artıq bəzi qanunlarda əlavə və dəyişikliklərin edilməsinə deyil, yeni sənədin qəbuluna zərurət var. Yeni dövrün yeni reallıqları bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açır. Hər bir sahənin inkişafında, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynayan qanunlarımızda əlavə və dəyişikliklər, yeni qanunların qəbulu bir daha bu reallığı ortaya qoyur ki, Azərbaycan demokratik dəyərlərə sadiqdir və bunu əməli işində təsdiqləyir. Biz sabitliyin və qanunun aliliyinin hökm sürdüyü şəraitdə yaşayırıq.

Yeganə Əliyeva, «İki sahil»