01 dekabr 2022 10:30
287

Laçın rayonunun qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir

2020-ci il noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən Laçın heç bir itki vermədən işğaldan azad edilib. Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Düşmənlərimiz əsrlər boyu bizə, torpaqlarımıza, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı törətdikləri vandallığı ifadə edilə bilməyəcək qədər dəhşətlidir.  Onu da xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Laçının işğal edilməsi ilə ölkəmiz üçün yeni faciələrin, torpaq itkilərinin əsası qoyuldu.

Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Bu rayon Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz rolunu oynayır. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Belə ki, Ermənistanı Dağlıq Qarabağla birləşdirən yol məhz buradan keçir. Nəhayət, 28 ildən sonra 44 günlük Vətən müharibəsi nəticəsində Laçın rayonu işğaldan azad edildi. Laçın rayonun işğaldan azad olunması olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Belə ki, Ağdamda və Kəlbəcərdə olduğu kimi, Laçında da oranı tərk edən ermənilərin vandallığından bütün dünya xəbər tutdu. Laçını tərk edən erməni əhalisi 1992-ci ildə rayonun Ermənistan tərəfindən işğalından sonra orada qeyri-qanuni məskunlaşmışdı. Laçından çıxan ermənilər qaldıqları evləri yandırıb, vandallıq edib, meşələrə od vuraraq, suları çirkləndirərək ekoloji fəlakət törədiblər.

Halbuki bu gün təhlükəsiz şəkildə və öz seçimi ilə ərazini tərk edən erməni əhalisindən fərqli olaraq, 1992-ci ildə rayonun azərbaycanlı əhalisi oradan zorakılıqla qovulub. Laçın rayonunda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. İşğaldan azad olunan bütün rayonlarımız kimi Laçın rayonunda da geniş abadlıq və quruculuq işləri həyata keçirilir. Regionun sosial-iqtisadi həyatında özünəməxsus yeri olan Laçın çox mühüm coğrafi və strateji əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunda inşa edilən hava limanı gələcəkdə regionun turizminə və iqtisadiyyatına çox müsbət təsir göstərəcəkdir.

Beləliklə, son da bir daha vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir. Laçın rayonunun işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında “Laçının azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin sərəncamı ilə Laçının işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Səba Rzayeva,
YAP-ın gənc fəalı