01 dekabr 2022 15:33
447

Deputat: Fransa Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərindən əl çəkib, daxili problemləri ilə məşğul olmalıdır

“Fransa Azərbaycana qarşı təxribatlarını davam etdirməkdədir. Görünən odur ki, hər addımda dünyaya demokratiya dərsi keçməyə çalışan bu ölkə tamamilə erməni lobbisinin təsiri altındadır. Fransa hakimiyyəti siyasi maraqları naminə hətta, dövlətin imicini zədələməkdən belə çəkinmir. Təbii ki, Fransanın bu cür qərəzli mövqeyi, işğala və terrora dəstək vermək cəhdləri Fransa dövlətinin adına ləkədən başqa bir şey deyil”.

Bu fikirləri "İki sahil"ə açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, noyabrın 30-da növbəti dəfə ermənipərəst mövqe sərgiləyən Fransa Azərbaycana qarşı növbəti qətnamə qəbul edib: “Fransa parlamentinin Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu bu qətnamə Azərbaycana qarşı növbəti təxribatdır. Fransanın Azərbaycana qarşı törətdiyi hazırki təxribat ilk deyil və bu hal davamlı xarakter daşıyır. Bir müddət əvvəl də Senatda ölkəmizə qarşı eyni məzmunlu qətnamə qəbul edilmişdi. Bütün bunlar erməni lobbisinin sifarişləridir. Fransanın əli ilə Ermənistanı himayə etməyin, Ermənistanın həyata keçirməyə çalışdığı işğalçılıq siyasətinə dəstək verməyin göstəriciləridir”.

C.Osmanov vurğulayıb ki, hələ 2020-ci ildə Vətən müharibəsi günlərində də Fransa tərəfindən ölkəmizə qarşı eyni mövqe sərgilənmiş, əsassız qətnamə qəbul edilmişdi: “Lakin erməni lobbisinin sifarişi və maliyyə dəstəyi ilə Fransanın qəbul etdiyi bu cür uydurma qətnamələr heç bir hüquqi təsir gücünə malik deyil. Noyabrın 30-da Fransa parlamentinin Milli Assambleyasının qəbul etdiyi qətnamə də əvvəlkilər kimi beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir. Həmçinin Fransa parlamentinin Milli Assambleyasında qəbul edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır”.

“Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini nümayiş etdirir” deyən deputat bildirib: “Fransa bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında deyil. Bir halda ki, qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsi faktiki olaraq qətnaməni dəstəkləməmişdir. Hökumətin nümayəndəsinin bu addımı Fransa hökumətinin mövqeyidir. Azərbaycana qarşı qəbul edilən qərəzli qətnamənin qəbul edilməsində Fransa hökumətinin maraqları olduğu da öz təsdiqini tapır. Son vaxtlar Fransa hökuməti tərəfindən açıq şəkildə müxtəlif platformalarda edilən anti-Azərbaycan təşəbbüslü çıxışlar da deyilənləri təsdiq edir. Fransa hər zaman ermənipərəst mövqedə olduğunu sübut edib. Belə ki, 25 ilə yaxın müddətdə Fransa ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək, Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməmiş və  münaqişənin həllinə çalışmamışdır”.

Deputat söyləyib ki, məhz Azərbaycan işğala son qoyaraq münaqişəni təkbaşına həll etdikdən sonra Fransa ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyasına başlayıb: “Yaxşı olar ki, Fransa hökuməti Azərbaycanın daxili işlərinə qarışmaq kimi yersiz cəhdlərindən əl çəkərək öz daxili işləri ilə məşğul olsun və Fransada mövcud olan irqi, dini ayrıseçkiliklərə son qoymağa çalışsın. Fransa hökuməti, eləcə də erməni lobbisi anlamalıdır ki, Fransa tərəfindən atılan digər təxribat xarakterli addımlar tamamilə mənasızdır. O cümlədən, bu ölkənin Senatı və Milli Milli Assambleyası tərəfindən qəbul edilmiş qətnamələr kağız parçasından başqa bir şey deyil”.