01 dekabr 2022 15:56
393

Laçının işğaldan azad edilməsindən 2 il keçir

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistan üzərində həlledici və möhtəşəm qələbə qazandı. Noyabrın 10-da Ermənistanın kapitulyasiyası və üçtərəfli bəyanatın imzalanması nəticəsində döyüş meydanındakı qələbəmiz siyasi müstəvidə davam etdirildi. Beləliklə, 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi.

Bu münasibətlə Prezident, Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin dekabrın 1-də xalqa müraciətində bu fikirləri dilə gətirdi: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Azərbaycan Ordusu qalibiyyətin davamı olaraq, 2022-ci ilin avqustun 26-da 10 Noyabr Bəyanatının müddəalarına əsasən, Laçın şəhərinə, Zabux və Sus kəndlərinə nəzarəti də təmin etdi. Bununla da, Azərbaycanın parlaq qələbəsinin möhkəmliyi, qalib addımların bundan sonra da davam edəcəyi hər kəsə sübut olundu. İşğaldan azad edilən torpaqlarımızda, o cümlədən Laçında hazırda nəhəng quruculuq və tikinti işləri davam etdirilir, əhalinin ən qısa zamanda öz yurd-yuvalarına qayıda bilməsi üçün hər cür şərait qurulur.

Düşmən qəddar talançılıq və vandalizm siyasətini bütün bölgələrimizdə olduğu kimi Laçında da həyata keçirib. Vaxtilə Qarabağın ən gözəl guşələrindən biri sayılan Laçında 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş verib.

Artıq düşmənin torpaqlarımızda törətdiyi vəhşiliklərin yerini inkişaf, müasir infrastruktur, yüksək səviyyəli ağıllı şəhər və kəndlər tutacaq. Bərpa-quruculuq işlərinin bir hissəsinə Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolu da daxildir. Bu yolun uzunluğu 72,8 kilometrdir və birinci, ikinci texniki dərəcələrə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Laçının inkişafı ilə əlaqədar ən mühüm hadisələrdən biri də 2025-ci ildə istifadəyə verilməsi planlaşdırılan Laçın Beynəlxalq Hava Limanının açılışı olacaq. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.

Azad olunmuş ərazilərimizdə həyatın canlanması nəticəsində “Böyük Qayıdış” Dövlət Proqramının tam icrası yaxınlaşır. Artıq bildirilir ki, laçınlıların birinci qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Dövlət Proqramına uyğun olaraq Laçın rayonu, həmçinin bütün başqa rayonlar bərpa olunacaq, iqtisadi cəhətdən güclənərək, əhalinin firavan yaşayışı üçün bütün imkanlar yaradılacaq.

Sevinc Qasımova,
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini