03 dekabr 2022 18:36
1668

Azərbaycandan keçən yeni çıxış yolları - Orta Dəhliz və Zəngəzur dəhlizi

Azərbaycan çox böyük nəqliyyat və tranzit potensialına malikdir. Ölkəmizin yerləşdiyi coğrafi mövqe və artan iqtisadi imkanları bu potensialdan səmərəli istifadə şəraiti yaradır. Bu sahədə uğurların əldə edilməsinin təməlini isə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünlümüş siyasət və düzgün strategiya təşkil edir. Son illər ölkəmizdə müasir standartlara cavab verən nəqliyyat infrastrukturu yaradılmışdır. Ölkədə təmin edilmiş möhkəm əsaslı sabitlik və təhlükəsizlik mühiti, həmçinin həyata keçirilən müstəqil iqtisadi siyasət region, eləcə də dünyanın bir çox ölkələrində Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etmək maraqları yaradır. Belə olan halda Orta Dəhliz layihəsi öz aktuallığı ilə seçilir. Təbii ki, layihənin tam gücü ilə istismara verilməsi üçün region ölkələri də təhlükəsizlik məsələlərində öz üzərinə düşən vəzifələri yerinə yetirməlidirlər.

ADA Universitetində keçirilmiş “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Prezident cənab İlham Əliyev Orta Dəhliz layihəsi haqqında danışarkən təhlükəsizlik və iqtisadi potensial amillərinin önəmini xüsusilə qeyd etdi. Ölkə başçısı bildirdi ki, Azərbaycan nəqliyyat infrastrukturunun inkişafına uzun illər ərzində sərmayə yatırır. Ölkəmizdə avtomobil və dəmir yolu, dəniz ticarəti infrastrukturu tamamilə yenidən qurulmuş, hava limanları layihələrinin tamamlanması istiqamətində ciddi işlər aparılır. İşğaldan azad edilmiş ərazilərdə də həmçinin müasir nəqliyyat infrastrukturu yaradılır. Qarabağ və Şərqi Zəngəzurda üç hava limanı fəaliyyət göstərəcək və ölkəmizdə beynəlxalq hava limanlarının sayı doqquza çatacaq. İşğaldan azad edilmiş ərazilərdə yaradılan nəqliyyat infrastrukturu ölkəmizin  bu sahədə olan imkanlarını daha da genişləndirəcəkdir.

Beynəlxalq Konfransda ölkəmizin nəqliyyat və tranzit imkanlarını dəyərləndirərkən Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd edən ölkə başçısı regionun nəqliyyat-infrastruktur layihələrinə nə İranın, nə də Ermənistanın əngəl törədə biləcəyini bildirdi. Zəngəzur dəhlizi heç bir ölkəyə qarşı deyil. Odur ki, həm İran, həm də Ermənistan bu layihədə maraqlı olmalıdır. Bir halda ki, Ermənistan dalana dirənmiş ölkədir və heç bir nəqliyyat şəbəkəsinə malik deyil. Bu səbəbdən də Azərbaycan faktiki olaraq Zəngəzur dəhlizi ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparır.  Prezident cənab İlham Əliyev dünyada yaşanan geosiyasi vəziyyətin də Zəngəzur dəhlizinin önəmini artırdığını diqqətə  çatdırdı. Rusiya-Ukrayna müharibəsi nəticəsində ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmış,  Xəzərdən, eləcə də Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb etməyə başlamışıdır. Hazırda Zəngəzur dəhlizinin əleyhinə çıxan qonşu ölkələr olan İran və Ermənistanın məhz bu dəhliz  reallaşdıqdan sonra bir-biri ilə heç vaxt olmayan dəmir yolu əlaqəsi yaranacaqdır. Ermənistanın İran, eləcə də Rusiya ilə də dəmir yolu əlaqəsi qurmağının yeganə yolu məhz Azərbaycandan keçir. Azərbaycan isə hər zaman sülh, təhlükəsizlik və əməkdaşlıqda maraqlı olan ölkədir. Azərbaycandan keçən Orta Dəhlizin beynəlxalq miqyasda aktual olduğu bir məqamda onun əsas tərkib hissəsi olan və ölkəmizin yaratmış olduğu yeni reallıq - Zəngəzur dəhlizi layihəsini İran, ələlxüsus da Ermənistan qəbul etmək məcburiyyətindədir. Necə deyərlər, Zəngəzur dəhlizi yeganə çıxış yoludur, başqa çıxış yolu yoxdur.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatının əməkdaşı