14 dekabr 2022 19:15
767

“Alman dili günü”

14 dekabr 2022-ci il tarixində Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti, Alman Dili Birliyinin Azərbaycanda rəhbəri fil.f.d. Gülənbər Məhərləm qızı Pirnəzərovanın təşəbbüsü və təşkilatçılığı ilə ADU-nun 3-cü tədris binasının Oxu zalında “Alman Dili Günü”nə həsr edilmiş tədbir keçirildi.

“İki sahil” xəbər verir ki, tədbirdə tələbələr tərəfindən dillə bağlı aforizmlər söylənildi, Qrim qardaşlarının “Henzel və Qretel” nağılı, tanınmış alman şairi Y.V.Götenin “Heidenröslein” şeiri səhnələşdirildi.

Təhsil 1 fakültəsinin 414r qrup tələbəsi Kərimova Fatimə özünün alman dilinə tərcümə etdiyi istiqlal və məhəbbət şairi Əhməd Cavadın “Nə yazım” şeirini söylədi.

Tələbələr tərəfindən alman dilində mahnılar ifa olundu, H.Hessenin “Im Nebel” şeiri səsləndirildi, nənə və nəvə arasında anlaşılmazlığı göstərən səhnəcik oynanıldı. Sonda alman dilinin tarixi haqqında prezentasiya təqdim olundu.  

Tədbirdə iştirak edən ADU-nun rektorunun köməkçisi Anar Osmanlı tələbələrə gözəl çıxışları üçün təşəkkürünü bildirdi. Belə maraqlı tədbirlərin gələcəkdə daha böyük səhnələrdə keçirilməsini tövsiyə etdi.

ADU-nun Kitabxana İnformasiya mərkəzinin bölmə müdiri G.Məmmədova tədbirin yüksək səviyyədə təşkil olunduğunu  xüsüsi vurğuladı.

Fil.f.d., dos. G.M.Pirnəzərova tədbirin yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə dəstək göstərən universitet rəhbərliyinə, rektorun köməkçisi A.Osmanlıya, Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d., dos. X.S.Əsgərovaya, tələbələrin hazırlanmasında dəstəyini əsirgəməyən əməkdaşlardan U.Aslanova, G.Nəcəfova, S.Əlizadə, T.Gözəlova və Ş.Aslanovaya təşəkürünü bildirdi.

Sonda qonaqlar və tədbir iştirakçıları ilə birgə xatirə şəkili çəkildi.