23 dekabr 2022 19:48
979

Nəsimi rayonunda növbəti “Abad həyət” sakinlərin istifadəsinə verildi - FOTO/VİDEO

Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması uğurla davam etdirilir.

Həyata keçirilən silsilə tədbirlər çərçivəsində dekabrın 23-də 1000-dən artıq sakinin yaşadığı Asif Məhərrəmov küçəsi 33, 33b və 35 saylı binaların əhatə etdiyi ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq Asif Məhərrəmov küçəsi 33 saylı binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 4 ədəd giriş qapısı və 16 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Binanın giriş pilləkənləri aqlay daşla üzlənib. Binanın həyətində pilləkən və panduslar quraşdırılıb.

Görülmüş işlər çərçivəsində binanın həyətinə 1800 kv.m asfalt örtüyü, 800 kv.m tamet daşı vurulub, 500 kv.m-dən artıq qazon salınıb, 400 p.m-dən artıq yeni bardürlər qoyulub, 250 p.m. istinad divarı tikilərək aqlay daşla üzlənib. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılıb, kiçik tullantılar üçün zibil qutuları qoyulub. Yağış sularının axıdılması üçün xətt çəkilib. Həyətdə sahibsiz itlər üçün damlar və quş yuvaları quraşdırılıb.Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.

50 ədəd ağac və 450 ədəd mövsümi çiçəklər əkilib. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, məhəllədə yeni yaşıllıq zolağı salınıb, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Yaşıllıqların suvarılması üçün 300 p.m su xətti çəkilib. 100 kub metrə yaxın torpaq işləri görülüb. Həyətdə 4 nöqtədə işıqlandırma sistemləri quraşdırılıb. Avtomobillər üçün parklanma yeri yaradılıb.

Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Bəs, bu göz oxşayan dəyişiklikləri sakinlər necə qiymətləndirirlər?

Əvvəl məhəlləmiz çox bərbad vəziyyətdə idi, amma indi...

Abad həyətin sakinlərindən biri olan Zeynəb Bəhmənli 18 ildir burada yaşayır: “Yenilənən məhəlləmiz bizə əsl bayram hədiyyəsi oldu. 2023-cü ili yeni və abada həyətimizlə qarşılayacağıq. Əvvəl məhəlləmiz çox bərbad vəziyyətdə idi. Bu gün isə müasir, abad və rahat həyətimiz var. Burada çoxlu ağaclar əkilib, ətrafında da rahat oturacaqlar quraşdırılıb, balacalarımız üçün rəngarəng və maraqlı əyləncə zonası yaradılıb. Hər birimiz yaradılan belə möhtəşəm şəraitdən çox məmnunuq. Həyətimizin belə abad görkəmdə olması üçün əziyyət çəkən hər kəsə təşəkkür edirəm. Bina sakinləri də gərək təmizkar olsunlar, yaradılan gözəlliyi qorusunlar. Qarşıdan gələn bayramınız mübarək.”

Daha istirahət, əyləncə üçün başqa yerə getməyə  ehtiyac yoxdur

Artıq 9 ildir ki, bu binada yaşayan Aqil Paşayevin sözlərinə görə, o, buraya köçəndə həm binanın xarici görünüşü, həm də ki, həyətyanı sahəsi çox bərbad olub: “Abadlaşan həyətlər sırasına bu dəfə bizim həyətimizin əlavə olunması böyükdən kiçiyə hər birimizi çox sevindirdi.  Nə yaxşı ki, bizim məhəlləmizdə müasir standartlara uyğun rahat və gözəl şərait yaradılıb. Daha istirahət, əyləncə üçün başqa yerə getməyə  ehtiyac yoxdur.  Həyətimizin yenilənməsində  zəhməti olan, bizə bu sevinci bəxş edən hər kəsə təşəkkür edirəm. Gəlin, bu cür şəraiti qoruyaq, çəkilən əziyyətin qiymətini bilək!”

20 ildir bu binada yaşayıram, həyətimizi heç vaxt bu qədər abad, rahat və səliqəli olmayıb

Binanın yaşlı sakinlərindən olan Səlim İbrahimov həyətdəki yeni oturacaqda əyləşib buradakı gözəllikdən, uşaqların sevinc səslərindən  feyziyab olarkən onunla da həmsöhbət olduq: “ 20 ildir ki, bu binada yaşasam da, həyətimizi heç vaxt bu qədər abad, rahat və səliqəli görkəmdə görməmişəm. Əvvəl bura çox səliqəsiz  və natəmiz idi. Uşaqlarımızın gəzmələri, oynamaları, sakinlərimizin istirahəti üçün heç bir şərait yox idi. Sakinlərimiz də çox əziyyət çəkirdi. Şükürlər olsun ki, bu gündən artıq biz də abad həyətin sakinləriyik. Bu cür gözəlliyi və rahatlığı sakinlərə nəsib etmək üçün əziyyət çəkən hər kəsə təşəkkür edir, onlara cansağlığı arzulayıram.”

Binanın yeni sakinlərindən olan Fatimə  Sultanova vurğuladı ki, həyətimizin gözəlləşməsi mənim üçün çox xoş oldu: “Abad həyətimizi  bəyəndim. Belə  möhtəşəm layihələrin gerçəkləşməsi üçün təşəbbüs göstərən, zəhmət çəkən hər kəsə minnətdaram. “

Biz bundan artıq daha nə istəyə bilərdik?

Aliyə Kərimova 11 ildir ki, bu binanın sakinidir: “Əvvəllər istirahət üçün əgər başqa yerlərə üz tuturduqsa indi rahatlıqla öz həyətimizdə vaxtımızı keçirə bilirik. Biz bundan artıq daha nə istəyə bilərdik? Həyət və binamızın göz oxşayan mənzərəsinə, səliqəsinə görə dövlət başçımıza və Nəsimi Rayon İcra Hakimiyyətinə minnətdaram. Salınan yaşıllıqlar, uşaqlar üçün yaradılan möhtəşəm şərait sadəcə möhtəşəmdir. Həyətdə bir çox yerlərdə təhlükəsizlik kameraları yerləşdirilib və onlar bütün gün ərzində işləyirlər. Maşınların saxlanması üçün ayrıca ərazi salınıb, həyətdə  uşaqların əylənməsi məqsədilə rəngarəng oyuncaqlar, yelləncəklər qurulub. Ahılların dincəlmələri üçün yeni və təmiz oturacaqlar yerləşdirilib. Yaşıllıq, təmizlik insanların ruhunu oxşayır. Əvvəlki baxımsız həyətdən indi əsər-əlamət qalmayıb.”

Apardığımız müşahidələr  zamanı abadlaşan həyətin hər kəsdən daha çox körpələrin balaca qəlbində xoş təəssürat yaratması, sevinməsinə səbəb olması hiss olunurdu.

Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Yenilənən həyətlərin abad və gözəl görkəmini, təmizliyini qoruyub saxlamaq isə bundan sonra sakinlərin başlıca vəzifəsi olmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”