01 yanvar 2023 15:33
509

Nəsimi rayonunda yaşayış binasında partlayış baş verib

Bu gün günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən mətbəxin və eyvanın pəncərə çərçivələri yerindən çıxıb, mənzilə ziyan dəyib. Hadisə nəticəsində biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb.

FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.