05 fevral 2016 18:38
5934

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə TPİ arasında əməkdaşlıq genişlənir

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi (MTK) ilə Təhsil Problemləri İnstitutunun (TPİ) əməkdaşlığı genişlənir.

MTK-dan AZƏRTAC-a bildiriblər ki, bu təhsil müəssisəsinin bir qrup müəllimi yanvarın 24-dən 31-dək TPİ-nin Təhsil Texnologiyaları Mərkəzində ümumi təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə təlimdə iştirak edib və sertifikatlara layiq görülüb.

Heydər Əliyev adına MTK-da sertifikatların təqdim olunması mərasimində Kompleksin direktoru Sevinc Rzayeva müəllimlərin təkmilləşdirilməsi və peşəkarlığının artırılması məqsədilə reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb, MTK-nın Təhsil Problemləri İnstitutu ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

TPİ-nin direktoru Qulu Novruzov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, təhsilin qarşısında duran vəzifələrdən danışıb. Qeyd edilib ki, təhsil sahəsində önəmli amillərdən biri də innovativ, peşəkar pedaqoji səriştəyə malik müəllimlərin formalaşdırılmasıdır.

Q.Novruzov Heydər Əliyev adına MTK-nın müəllimlərinin təlimdə fəallıq göstərdiklərini bildirib, onlara uğurlar arzulayıb.

Çıxış edən müəllimlər təlimdə qazandıqları nəzəri və praktik biliklərin tədris prosesində tətbiqinin əhəmiyyətini vurğulayıblar.

Sonra təlimdə iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub.