10 yanvar 2023 15:30
1353

Həm əlləri, həm də ayaqları ilə rəsm çəkir - FOTO/VİDEO

Hollandiyada yaşayan 29 yaşlı Rajacenna Van Dam adlı rəssam qeyri-adi istedadı sayəsində sosial şəbəkədə minlərlə izləyiciyi toplayıb. Təxminən 150 min izləyicisi olan rəssam sosial şəbəkədə yayımladığı rəsm videoları ilə qısa zamanda məşhurlaşıb. Dünya mətbuatında gündəm olan Rajacenna eyni anda həm iki əlini, həm də hər iki ayağını istifadə edərək birdən çox şəkil çəkə bilir.

1994-cü ildə Hollandiyada anadan olan gənc rəsssam sənətlə iç-içə keçən bir həyatla böyüyüb. Hələ 4 yaşındaykən modelliyə başlayan Rajacenna aktyorluq karyerasına isə 5 yaşında ilk dəfə televiziya proqramında iştirak edərək başlayıb. Uzun müddət bir çox film və seriallarda uşaq rolları oynayan R.V.Dam 12 yaşında uşaqlar üçün televiziya verilişinin aparıcısı olub. Onun rəssamlığa olan həvəsi 16 yaşından başlayıb və qeyri-adi istedadını kəşf etdikdən sonra rəsmlərini sosial şəbəkədə paylaşmağa başlayıb. Qısa müddətdə böyük bir pərəstişkar kütləsinə sahib olan R.V.Dam rəsmlərinin videoları sayəsində özündən söz etdirməyi bacarıb.

Mənim üçün çətin deyil

Hollandiyanın Rotterdam şəhərində rəssamlıq təhsilini davam etdirən rəssam eyni anda hər iki əllə rəsm çəkə biləcəyini biləndə, ayaqlarından da istifadə etməyə başlayıb. O, rəsm kağızlarını kameraya doğru çevirir. Kamerada düz görünə bilməsi üçün tərs şəkildə rəsm çəkən Dam bunları deyib: “Belə çəkmək mənə çətin gəlmir. Bu, tamamilə təbiidir”.

Sosial şəbəkə istifadəçiləri rəssamın paylaşımlarına böyük maraq göstərib.İstifadəçilərdən biri “Bu, inanılmaz istedaddır” şərhini yazıb. Başqa bir sosial şəbəkə istifadəçisi əlavə edib ki, “Mən əvvəllər belə bir şey görmədim.” Üçüncü sosial şəbəkə istifadəçisi isə “İzləyəndə həqiqətən heyrətləndim” deyib.

Vüsal Cahanov, “İki sahil”