17 yanvar 2023 21:49
435

20 Yanvar faciəsi xalqımızın iradəsini qıra bilmədi

70 illik Sovet müstəmləkəsində qalan Azərbaycan bugünkü müstəqilliyini mübarizələrlə, itkilərlə əldə etmişdir. İmperiya daxilində 80-cı illərin sonlarından başlayan etirazlar onu daxildən dağıdırdı və siyasi vəziyyətdə mürəkkəblik artırdı. Belə bir vəziyyətdə hakim qüvvələr kütləni susdurmaq, etirazlatı yatırmaq məqsədilə güc tətbiq etdilər.

1990-cı ilin qanlı yanvar gecəsini Azərbaycanda kütləvi qırğınlarımızın, itkilərimizin ilki kimi də qiymətləndirmək mümkündür. Hər zaman sovetlərin təbliğ etdiyi əminamanlıq, xalqların dostluğu, qardaşlığı, insanlara mərhəmət və bu kimi humanist fikirlərin puç, reallıqla səsləşməyən, respublikaları əldə saxlamaq üçün təbliğat olduğu özünü göstərdi. Etirazçıları susdurarkən dinc sakinlərə belə mərhəmət edilmədiyini, hərbiçilərin odlu silahları döyüş meydanında deyil, adi vətəndaşlara qarşı istifadəsini, təziqlərlə, vəhşiliklərlə üzləşə biləcəyini xalqımız məhz həmin müdhiş gecədə anladı. Yanvarın 19-dan 20-ə keçən gecə tariximizə “Qanlı yanvar” kimi qanla yazıldı.

Həmin dəhşətli gecə Bakıda yenə də sovet imperiyasının əsarətinə etiraz edən mitinqlər keçirilir, etirazlar edilirdi. Xalqın yeganə istəyi ölkənin öz azadlığını qazanması idi. Heç kim düşünməzdi ki, şüarlarla, çıxışlarla bildirilən bu etirazlar qanla susdurulmağa çalışılacaqdı. “Böyük vətən müharibəsi” adlandırılan alman faşizminə qarşı müharibədə şücaətilə hərb tarixinə adlarını yazmış fədakar övladlarımızın vuruşduğu, 70 il şəninə mahnılar oxunulan “Qızıl ordu” insanlığa sığmayan vəhşiliyilə Bakını al qana boyadı. Moskvadan təlimatla göndərilmiş hərbi dəstələr təkcə əliyalın etirazçıları hədəf almadı, eyni zamanda, uşaqların, qadıların, qocaların belə fərqinə varmadan, ətrafa, binalara qadağan olunmuş silahlarla atəş açaraq küçədən keçən, ailəsilə evində oturan dinc sakinləri də qətlə yetirməkdən çəkinmədilər. Beynəlxalq insan hüquqları prinsipləri tamamilə pozuldu.

Həmin dövrdə yeganə televiziya olan Azərbaycan Televiziyasının yayın avadanlığının dağıdılması Bakı ilə bölgələr arasındakı əlaqəni də kəsmişdi. Nəyin baş verdiyini, hansı vəhşiliyin törədildiyindən məlumatsız qalma gərginliyi daha da artırırdı.

Müstəqillik yolu təəssüf ki, qanla, itkilərlə gedilir və qazanılır. Azərbaycan öz müstəqilliyi uğrunda çox çətinliklər yaşamışdır. Yanvar hadisəsini Qarabağda qarşılaşacağımız itkilərin, faciələrin, vəhşiliklərin başlanğıcı saymaq mümkündür. Artıq dövlətimiz 30 illik Qarabağ münaqişəsini 44 müharibə yolu ilə geridə qoymuşdur. Hələ də müəyyən problemlər mövcud olsa da, müstəqil Azərbaycan 90-cı illərin zəif, səriştəsiz idarəetməyə sahib dövləti deyildir. Dünya dövlətləri arasında Azərbaycanın xüsusi nüfuzu vardır. Bu müstəqilliyimizi canlarını fəda etmiş şəhidlərimizə borcluyuq.

Bahar Məmmədova,
Bakı şəhəri, Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilat sədri