Bəxtinə bir xalqın yaralarına bəzək olmaq üçün yaranmaq düşən gülüm, ağla. Aylar, illər, əsrlər keçəcək elə keçdiyi kimi, qasnaq qoyan yaralar qopacaq elə vaxt-bevaxt qopduğu kimi, üz tutacayıq sənə illərdir tutduğumuz kimi, bəzəyəcəyik sağalmaz yaramızın müqəddəs ünvanını, otuz üç ildir bəzədiyimiz kimi. Səni xəlq edən, xalqımın tökülən qanı ilə eyni rəngdə olmağını istəmiş. Ki, hər sənə baxdığımızda tariximizin qanlı səhifələri yaddaşımızda son nəfəsimizə qədər tüğyan etsin. Tüğyan etsin ki, bir müddət sonra doqquz ay, doqquz gün, doqquz saatdan sonra anaların öz ölümünü gözə alaraq dünyaya gətirdikləri oğul və qızları dostunu unutmadığı kimi, düşmənini də unutmasın. Unutamasın ki, namərd gülləsinə tuş olmasın.
1990-cı ilin Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başladı. Gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Komitəsinin və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingenti Bakını zəbt edərək dinc əhaliyə qarşı qırğın törətdi. Fövqəladə vəziyyət elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdır. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində daha 21 günahsız insan öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmışdır. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri var idi.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olundu. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərildi. 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
Azərbaycan xalqının 147 “20 Yanvar şəhidi” əbədi tarix yazdı, öz əzmləri ilə.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi və həmin əməliyyata rəhbərlik edənləri ifşa etdi.
1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verildi.
Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”. Ümummilli lider Heydər Əliyev “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında 31 mart 1998-ci ildə fərman imzalamışdır.
Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini, dirəncini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edərək öz şəhidlərini layiqli şəkildə yola saldı. Qanları ilə Azərbaycan tarixində yeni bir səhifəni qızıl hərflərlə yazaraq, gələcək nəsillərə müstəqil Azərbaycanın ilk günlərini ərmağan etdi. 70 il rus əsarətidən qurtuluşun ilk günü dünya tarixinin ən dəhşətli faciələrindən biri oldu. Lakin xalqın əzmi heç bir vəclə sarsılmadı. Tam əksinə azdalıq mübarizəsi bütün ölkəni bürüdü. Azadlıq uğrunda çırpınıb, istiqlaliyyət uğrunda duran ürəklər xalqı, milləti üçün əbədi bir hüriyyət qazandırıb, əbədiyyətə yüksəldi.
Bu gün Bakıdakı Şəhidlər xiyabanında uyuyan 20 Yanvar şəhidləri illərdir ki, eyni yanqı, xəfifləməyən acı ilə yad edilir. Azadlığımızın carçıları haqında yazlan kitablar, məqalələr, tarixi materiallar onların şücaətinin gələcək nəsillərə çatmasına xidmət edir. Naxçıvan Xatirə Muzeyi də öz növbəsində üzərinə düşən vəzifələri yerinə yetirir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında qarşılıqlı razılaşmaya əsasən Muxtar Respublikanın ali və orta ixtisas məktəblərinin tələbə və şagirdlərinə açıq və distant dərslər keçirilir, tarixi faktlar lazımi səviyyədə təbliğ olunur. Muzeyin ekspozisiyasında 20 Yanvar faciəsində həlak olmuş Şahbuz rayon Keçili kənd sakini, 1972-cil il təvəllüdlü Alməmmədov Teymur Yəhya oğlunun və Ordubad şəhər sakini, 1970-ci il təvəllüdlü Babayev Rahim Vaqif oğlunun fotoları, şəxsi əşyaları və onlar haqqında məlumatlar, eləcə də Muxtar Respublikanın müxtəlif yerlərindən olan şəhidlər haqqında məlumatlar, onların fotoları və şəxsi əşyaları nümayiş olunur. Muzeyə gələn yerli və xarici qonaqlara Azərbaycan dövlətinin müstəqilliyi uğrunda şəhadətə yüksəlmiş 20 Yanvar, Birinci Qarabağ, İkinci Qarabağ eləcə də İkinci Dünya müharibəsində həlak olmuş qəhrəman oğul və qızlarımız haqqında ətraflı məlumat verilir.
Yüzlərlə oğullarını torpaq uğrunda mübarizəyə göndərən, qəhrəman oğulların yurdu olan Naxçıvan karvan-karvan şəhidini uyudur indi qoynunda. Nur içində yatsın inşəallah can Azərbaycana fəda olan cənnət qoxulu şəhidlərimiz.
Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə muzeyinin baş elmi işçisi