18 yanvar 2023 20:42
2797

Yeni sosial islahat paketi vətəndaş rifahının təminatı istiqamətində növbəti addımların atılmasını təmin edir - MÜSAHİBƏ

Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sosial islahatlar ardıcıl xarakter alıb. Dövlət başçısının 2023-cü ilin əvvəlində imzaladığı Fərman və sərəncamlarla sosial məzmunlu islahatların yeni mərhələsi başlayıb ki, bu da ölkəmizin sosialyönümlü siyasət strategiyasının bariz nümunəsidir. 

Əhalini son beş ildə sayca dördüncü olan yeni sosial islahatlar paketi haqqında daha ətraflı məlumatlandırmaq üçün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ilə həmsöhbət olduq:

- Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı Fərman və sərəncamlar sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.  Bu barədə fikirlərinizi bilmək istərdik…

- Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ana xəttini əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaş rifahının təminatı təşkil edir. Bunun nəticəsədir ki, ölkəmzidə sosial müdafiə və aktiv məşğulluq proqramları ildən-ilə geniş vüsət  alır, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əhalinin həssas qruplarına dövlət qayğısının artırılması istiqamətində ardıcıl olaraq məqsədyönlü addımlar atılır.

Ölkəmizdə dinamik iqtisadi inkişaf, eyni zamanda, sosial inkişaf prosesləri ilə paralel özünü göstərir. Cənab Prezidentin qeyd etdiyi kimi, “İqtisadi və sosial sahə həmişə paralel getməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir”.

Xüsusilə də sosial cəhətdən həssas əhali qruplarının etibarlı sosial müdafiə sistemi ilə əhatə olunması bu gün Azərbaycanda aparılan siyasətin əsas prioritetlərindən biridir. Ölkəmizdə müxtəlif sosial proqramlar vasitəsilə həmin kateqoriyaların sosial rifahına dəstək göstərilir və bu proqramlar da mütəmadi olaraq genişlənir. Hazırda həssas əhali qrupları aylıq sosial ödənişlərlə təmin edilir, bu sosial ödənişlər mütəmadi artırılır, eyni zamanda, onların reabilitasiya, sosial xidmətlərlə təminatı üçün məqsədyönlü işlər aparılır.

Dünyada iqtisadi böhranların bir-birini əvəz etdiyi şəraitdə də Azərbaycan sosial sahədə islahatların, əhalinin sosial müdafiəsi sahəsində mühüm addımların, sosial sahəyə büdcədən ayrılan vəsaitlərdə ciddi artımların davamlı xarakter aldığı bir ölkə kimi seçilir. Dövlət başçısının bu günlərdə yerli telekanallara müsahibəsində bəyan etdiyi kimi, “Biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək”.

- Son beş ilin dördüncü sosial islahat paketinin əhatə dairəsi və artımlar üçün nəzərdə tutulan məbləğ haqqında ətraflı məlumat verməyinizi istərdik.

- Hazırda dünyada yeni inflyasiya dalğası yaşanır və sosial rifahın inflyasiyadan qorunması və təmin edilməsi dövlətlər üçün aktual məsələyə çevrilib. Azərbaycan isə bu sahədə artıq çevik və əhatəli sosial siyasəti, sosial ödənişlərin artırılmasında davamlı addımlar atmaq, daim öz vətəndaşının yanında olaraq ona sosial dəstək göstərmək  təcrübəsi ilə seçilir. Dövlət başçısının imzaladığı yeni Fərman və sərəncamlarla bu il yeni və son beş ildə dördüncü sosial islahat paketinin - əməkhaqqı və sosial ödənişlərdə növbəti artımları təmin edən paketin reallaşdırılması da bunun təsdiqidir.  Bu rifahın, xüsusilə də əhalinin həssas, aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn yeni sosial islahat paketidir.

Qeyd edim ki, Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən çıxan ölkəmizdə Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu potensialını daha da gücləndirmək üçün bütün imkanlar səfərbər olunub və eyni zamanda, dövlət başçısı tərəfindən sosial sahəyə xüsusi diqqət ayrılmaqla belə bir əhatəli yeni sosial islahat paketi icra olundu.

Onu da bildirim ki, son beş ildə həyata keçirilən 4 sosial islahat paketindən əvvəlki 3 islahat paketi 4 milyon insanı əhatə edərək, həmin islahatlar üçün əlavə olaraq illik 6 milyard manat ayrılmışdı. Bu yeni, dördüncü sosial islahat paketi də 1,9 milyon insanı əhatə edir, onlara yönələn əməkhaqlarının, müavinət və təqaüdlərin artırılması üçün də əlavə olaraq illik 750 milyon manat ayrılması nəzərdə tutulub. Ümumilikdə 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunması 2023-cü ilin dövlət büdcəsinin də sosialyönümlü olduğunu göstərir.

Hər bir sosial islahat paketi üzrə həm əməkhaqlarının artırılması, bu sahədə də ilk növbədə maaşların minimal məbləğinin yüksəldilməsi, həm aşağı əməkhaqqı alanların maaşlarının artırılması və sosial rifahda başlıca amil olan məşğulluğun stimullaşdırılması, həm pensiyaçıların sosial müdafiəsinə yönələn addımların atılması, həm də həssas əhali qruplarının maddi təminatlarının dəstəklənərək artırılması təmin edilir.

Yeni sosial islahatlarda da ilk istiqamət kimi, cənab Prezidentin Sərəncamı ilə minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Bu artım işçi qüvvəsinin rəqabət qabiliyyətinin güclənməsinə, əmək bazarına müsbət təsirini göstərir, həmçinin əməyin leqallaşdırılması sahəsində təsirli rol oynayır. Minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə  əlaqədar Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının da bu Sərəncama uyğunlaşdırılması üçün həmin işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəlini təsdiq edib.

Bildirim ki, əməkhaqları Vahid Tarif Cədvəli əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində  çalışanlar daxildir. 19 pillədən ibarət yeni Cədvəldə ilk pillə üzrə əməkhaqqı 300 manatdan 345 manata çatdırılmaqla digər pillələrdə də maaşlar yeni artımlarla əks olunub. Əməkhaqqı artımı 700 min işçini əhatə edir. Onlardan 450 mini dövlət, qalan hissəsi özəl sektorda çalışanlardır. Bu əməkhaqqı artımı üçün illik 440 milyon manatlıq bir vəsait ayrılıb. Həmçinin yeni Sərəncama əsasən minimum aylıq pensiyanın da 280 manata çatdırılması nəzərdə tutulur.

- Sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi bu sosial islahat paketində nə dərəcədə göstərdi?

Ümumilikdə hər bir sosial islahatın əsas istiqamətlərindən biri əhalinin həssas qruplarının - şəhid ailələrinin, əlilliyi olan şəxslərin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin və başqalarının sosial müdafiəsinin gücləndirilməsidir. Yeni sosial islahat proqramının tərkib hissəsi olaraq, həmin kateqoriyaya yönələn müavinət və təqaüdlərin növbəti dəfə artırılması təmin olunub. Yəni, bu sosial islahat paketi  çərçivəsində də əsasən bu qrupları əhatə edən 810 min insana yönələn müavinət və təqaüdlərin artırılması təmin olunub.

Belə ki, Prezident cənab İlham Əliyevin  Fərman və sərəncamlarına əsasən 2023-cü ilin 1 yanvarından Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün  600 manata, müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə)  400 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə)  330 manata,  ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslər üçün 300 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər şəxslər üçün isə 200 manata çatdırılıb.

2018-ci illə müqayisədə ötən dövrdə aparılan sosial islahatlar nəticəsində Prezident təqaüdünün məbləği şəhid ailələri üçün 2,5 dəfə, müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün 3 dəfəyə yaxın, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi (o cümlədən gözdən əlilliyi) olan şəxslər üçün 2 dəfə artıb.

Əlilliyi olan şəxslərin müavinətləri də orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 270 manata, 61-80 faiz pozulmasına görə 220 manata, 31-60 faiz pozulmasına görə 150 manata çatdırılıb.

Onlardan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə 2019-cu ildəki sosial islahat çərçivəsində Prezidentin aylıq təqaüdü təsis olunmuşdu ki, həmin təqaüd də ötən dövrdə artıq iki dəfə artırılaraq 100 manata çatdırılıb. Uşağın anadan olmasına görə birdəfəlik müavinət bu il yanvarın 1-dən 500 manat, dəfn üçün birdəfəlik müavinət də 500 manat müəyyən olunub. Bu iki müavinətdə son beş ildə artım müvafiq olaraq  4,6 dəfə və 3,4 dəfə olub.

Aztəminatlı ailələrə ünvanlı sosial yardımla yanaşı, həmin ailələrdə 1 yaşadək uşağa görə aylıq müavinət də verilir. Həmin müavinət də 2023-cü ilin 1 yanvarından 100 manata çatdırılıb ki, bu da son 5 ildə 2 dəfəyə yaxın artım deməkdir. Çoxuşaqlı ailələrin də sosial müdafiəsi diqqətdə saxlanır və yeni sosial islahatlar çərçivəsində beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət də bu ilin əvvəlindən 105 manata çatdırılıb, yəni, həmin müavinətin məbləği son beş ildə 3,2 dəfə artıb.

2020-ci ildə yaşa görə müavinət yaşı azaldılaraq pensiya yaşı ilə eyniləşdirilib və pensiya yaşına çatan şəxslər pensiya hüququna malik olmadıqda yaşa görə müavinət almaq üçün artıq müəyyən müddət  gözləməli olmurlar. Pensiya yaşına çatdıqda əgər pensiya hüquqları yaranmırsa, yenə də sosial təminatla əhatə olunurlar, yəni, bu halda onlara yaşa görə müavinət təyin olunur. Həmin yaşa görə müavinətin məbləği 2018-ci ildə 73 manat olub, son beş ildə bu müavinət 3 dəfə artırılaraq yeni islahatla bu ilin əvvəlindən artıq 220 manat təşkil edir. Digər kateqoriyalara yönələn sosial müavinət və təqaüdlərdə də artımlar edilib.

- Ünvanlı sosial yardım proqramının icrası sahəsində hansı işlər aparılır?

- Qeyd edim ki, aztəminatlı ailələr ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Həmin  ailələrin rifahında mühüm rola malik ünvanlı sosial yardım proqramı 2022-ci ildə 60 mindən çox ailəni əhatə edib. Həmin ailələrə ödənilən ünvanlı sosial yardımın hər ailə üzrə orta aylıq məbləği ötən il daha 40 faiz artaraq 392 manat olub. Ailəyə təyin olunan ünvanlı sosial yardımın hesablanmasında ehtiyac meyarı həddi əsas götürülür. Bu il də ehtiyac meyarının artırılaraq 246 manata çatdırılması ailələrə təyin olunacaq ünvanlı sosial yardımın məbləğlərinin də artımı ilə nəticələnəcək.

Son illərdə bu proqramın icrasında şəffaflaşdırma tədbirləri aparılmaqla yanaşı, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı proqramına əlçatanlığının artırılması, bu məqsədlə proqramının icra mexanizminin sadələşdirilməsi və yardımın təyin olunması meyarlarının yumşaldılması istiqamətində də mühüm addımlar atılıb. Həmçinin ünvanlı sosial yardım üçün müraciət edərkən tələb olunan məlumatların sayının əhəmiyyətli dərəcədə azaldılması, ünvanlı sosial yardım təyin olunmuş ailələrin özünüməşğulluq proqramı vasitəsilə kiçik biznesə çıxışına və gəlir imkanlarını artırmalarına şərait yaradılması və s. məqsədyönlü işlər görülüb.

- Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi də sosial islahatların əsas istiqamətlərindən biridir, bu istiqamətdə hansı addımlar atılır?

- Qeyd edim ki, sosial islahatların tərkib hissəsi kimi, pensiyaçıların sosial müdafiəsi sahəsində ardıcıl addımlar atılır.  Minimum pensiya 2018-ci ilə nisbətən  2,5 dəfə artırılmaqla 280 manata çatdırılır. Onu da bildirim ki, 2018-2022-ci illərdə orta aylıq pensiyada da 80 faiz artım baş verib.

Ötən il pensiyaçılara əlavə dəstək olaraq maddi yardım, habelə pensiyaçı hərbçilərə, xüsusi rütbəli şəxslərə və başqalarına 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım verildi. Bunun üçün illik 440 mln. manat əlavə vəsait ayrıldı. 2023-cü ilin əvvəlindən həmin maddi yardımlar artıq onların pensiyaları tərkibinə daxil edilib və pensiyaları artırılıb.

Həmçinin Dövlət Statistika Komitəsinin ötən il üzrə müəyyən edəcəyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2023-ci il yanvarın 1-dən bütün pensiyalar indeksləşdirilərək artırılacaq. Vətəndaşların pensiya kapitalının da ötən il üzrə istehlak qiymətlərinin artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin olunacaq.

2023-ci ildə pensiya ödənişlərinə 5 mlrd. 907 mln. manat, yəni 2022-ci ilin müvafiq göstəricisinə  nisbətən 650 mln. manat çox vəsaitin yönəldilməsi nəzərdə tutulur. Bu il pensiyaların orta aylıq məbləğinin ötən ilkindən 14 faiz çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 14,5 faiz çox olmaqla 456 manat olacağı gözlənilir.

Onu da qeyd edim ki, son 4 ildə pensiya sistemində humanist yanaşmalara əsaslanan islahatlar aparılıb. 2019-cu ilin əvvəlindən əmək pensiyası yaşına çatan və fərdi hesabında hətta ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə əmək pensiyası hüququ verilir. Eləcə də yaşa görə müavinət yaşı azaldılaraq pensiya yaşı ilə eyniləşdirilib. Erkən pensiya hüququ olan kateqoriyaların sırası daha da genişləndirilib.

Yaqut Ağaşahqızı, “İki sahil”