19 yanvar 2023 12:41
556

Berlində Qara Yanvar şəhidlərinin anım günü ilə bağlı tədbir keçirilib

18 yanvar 2023-cü il tarixində Berlində Azərbaycanın Almaniyadakı səfirliyində Qara Yanvar şəhidlərinin anım günü bağlı tədbir təşkil olunub. Tədbir çərçivəsində faciəyə həsr olunmuş foto-sərgi nümayiş etdirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən "İki sahil"ə verilən məlumata görə, səfir Nəsimi Ağayev tədbirdə çıxış edib. O, ilk öncə iştirakçıları 1 dəqiqəlik sükutla Qara Yanvar şəhidlərinin əziz xatirəsini anmağa dəvət edib. Səfir çıxışında 20 yanvar 1990-cı il tarixi ərəfəsidə ölkəmizdə gedən ictimai-siyasi proseslərə nəzər salıb. N.Ağayev Ermənistanda yaşayan azərbaycanlılara qarşı 1987-ci ildən başlayaraq törədilən poqromlar və etnik təmizləmə siyasətindən, Azərbaycana qarşı qaldırılan ərazi iddialarından, habelə o zamankı sovet rəhbərliyinin ölkəmizə qarşı ədalətsiz siyasətindən bəhs edib. Bütün bunların azərbaycanlıların azadlıq arzusunu gücləndirdiyini bildirən səfir sovet qoşunlarının ölkəmizə müdaxiləsinin, habelə 19-20 yanvar tarixlərində mülki əhaliyə qarşı törədilən qətliamın xalqımızın müstəqilliyə qovuşmaq iradəsini qıra bilmədiyini vurğulayıb. N.Ağayev, həmçinin müasir Azərbaycan dövlətçiliyinin banisi, Ulu Öndər Heydər Əliyevin 20 yanvar faciəsindən sonra xalqla birlik nümayiş etdirdiyini, xalqımıza qarşı törədilən bu cinayəti qətiyyətlə pislədiyini diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan-Almaniya Forumunun idarə heyətinin üzvü Samirə Patser-İsmayılova Qara Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında buraxdığı dərin izlərdən danışıb. O, müstəqilliyimiz uğrunda canlarından keçən şəhidlərin xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini vurğulayıb.

Tədbir çərçivəsində keçirilmiş konsertdə Almaniyada fəaliyyət göstərən pianoçu Məsumə Dadaşovanın ifasında tanınmış Azərbaycan və Avropa bəstəkarlarının musiqi əsərləri səsləndirilib.

Sonra ehsan verilib.