Masallı Tarix-Diyarşünaslıq Muzeyində Qanlı Yanvara həsr olunmuş dəyirmi masa keçirildi. “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” adlanan tədbirin təşəbbüskarı Masallı Rayon İcra Hakimiyyəti, təşkilatçıları isə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, “Masallı Gənclər Evi” Sosial Xidmət Mərkəzi, Ombudsmanın Cənub Regional Mərkəzi, Masallı rayon Gənclər və idman İdarəsi, Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Regional Kolleci idilər.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və Vətən şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri açan Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova iştirakçıları salamladı və dedi:- 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələri Azərbaycan xalqına, dinc əhaliyə qarşı dəhşətli cinayət törətmişlər. Bu ağıla sığmaz faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərimizin müstəsna xidmətləri olmuşdur. 33 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir, necə deyərlər, xalqımızın tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsi həm də müstəqil Azərbaycan respublikasının qurulmasında bir dönüş nöqtəsi oldu.
“Ulu Öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər zaman hər kəsin gözləri önündədir”- deyə çıxışa başlayan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirdi ki, Heydər Əliyev 20 Yanvar faciəsini xalqımıza qarşı törədilmiş bəşəri cinayət adlandırmış, bu faciənin xalqımızın həyatında böyük hüzn yaratmasına baxmayaraq, Ümummilli Lider Heydər Əliyev həmin günü xalqımızın qürur günü və tarixi qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib. Həmin vaxt ciddi nəzarətdə olan Ümummilli Lider faciənin səhəri günü bütün maneələrə baxmayaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Azərbaycanın haqq səsini bütün dünyaya çatdırıb. Məhz Heydər Əliyevin prinsipial siyasi mübarizəsi sayəsində 20 Yanvar faciəsi öz siyasi-hüquqi qiymətini alıb.
Digər çıxışçılar- Masallı rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Masallı rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Masallı rayon İctimai-Şuranın sədri Əyyub Mehtiyev, “Masallı Gənclər Evi” Sosial Xidmət Mərkəzinin metodisti Nuranə Muxtarova, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya Məmmədov, Masallı rayon Gənclər və idman İdarəsinin rəisi Sabiq Cahangirov və Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və “Ümidim sənsən” İctimai Birliyinin sədri Fidan Abbaslı Azərbaycan dövlətinin memarı olan Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən söhbət açdılar, 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan ətraflı şəkildə danışdılar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü