19 yanvar 2023 15:34
652

Taleyimizə aydınlıq gətirən gecə

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirdi.

Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

O zamanlar, elə həmin gecə də Azərbaycan xalqı ona görə ayağa qalxmışdı ki, Qorbaçovun özünə anlatsın: “Torpaqdan pay olmaz!”, “Həddini aşmış erməniləri yerində oturdun!” O gecə ermənilərə güzəştə getməməyin heyfini azərbaycanlılardan almaq istəyən bədnam “baş katib” bununla öz karyerasına da sağalmaz zərbə vurdu.
Həmin məqamda Moskvada – sovet diktatoru M.Qorbaçovun qulağının dibində qəfil baş verən hadisə isə onu kəskin diksindirməklə yanaşı, Bakı qırğınının gizlinlərini bütün dünyaya bəyan etdi. Ermənipərəst sovet rəhbərinin Qarabağı asanlıqla ermənilərə hədiyyə etmək üçün SSRİ-nin ali rəhbərliyindən uzaqlaşdırdığı və ciddi nəzarət altında saxlatdığı dünya şöhrətli siyasət və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyev bütün maneələri aşaraq faciənin səhərisi gün resbublikamızın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi, dərin hüzn içərisində xalqımıza başsağlığı verdi. Ulu öndər Vətəninin harayına yetişərək beynəlxalq mətbuat konfransı keçirdi, Bakı həqiqətlərinin bütün dünyaya yayılması üçün geniş bir qapı açdı.

Xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, Ulu Öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir,  faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, yaralılara və maddi zərər görmüş şəxslərə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 yanvar hadisəsi ilə bağlı Ulu Öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 33 il öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.

“Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”-
deyən, ömrünü xalqının müstəqilliyinə, inkişafına həsr edən Ulu Öndər özündən sonra Azərbaycana elə bir siyasi varis bəxş etdi ki, bu gün biz xalq olaraq onun və formalaşdırdığı müzəffər ordumuz sayəsində ən məğrur, ən qürurlu günlərimizi yaşayırıq, torpaqlarımızı işğaldan azad etmişik, oraları yenidən dirçəldirik. Artıq tək düşmən deyil, dünya bizim əzmimizə, siyasi iradəmizə bələddir.

Mən əminəm ki, bu gün Ulu Öndərin, o faciə qurbanları ilə yanaşı bütün şəhidlərimizin ruhu şaddır.

Elvin Əlizadə,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi