19 yanvar 2023 16:48
850

Torpaq qanla qarışanda Vətən olur

Dünya elminə, mədəniyyətinə Nizamilər, Fizulilər, Tusilər bəxş etmiş, tolerantlığa yüksək dəyər verən, multikulturalizmi özünün həyat tərzinə çevirmiş sülhsevər Azərbaycanın tarixini, ədəbiyyatını, coğrafiyasını, yeraltı-yerüstü sərvətlərini öyrənərkən ulu yaradanın xalqımıza hər şeyi nəsib etdiyinin, yalnız bunun müqabilində qonşularımız baxımından bəxtimizin gətirmədiyinin şahidi oluruq. Şimal qonşularımızın səyi ilə təxminən 200 il öncə köçürülərək Azərbaycanın Gəncə və İrəvan quberniyalarına toplanmış, torpaqlarımıza olan köçləri ilə bərabər vəhşilik, vandallıq kimi xüsusiyyətlərini də regiona gətirən ermənilər üçün Azərbaycan torpaqlarında yaradılmış erməni dövlətinin bir az daha genişləndirilməsi üçün keçmişdə Dağlıq Qarabağ adlandırılan əzəli torpaqlarımızın işğal olunaraq Ermənistana birləşdirilməsi ideyasına qarşı çıxan Azərbaycanı cəzalandırmaq üçün şimal qonşumuz - Kreml Qanlı Yanvar qırğınını törətdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna qoşun hissələri yeridildi. Ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq əliboş, dinc əhali kütləvi qətlə yetirildi. Şimal qonşularımız Azərbaycanın soyqırımlar tarixinə daha bir səhifə yazdılar, həm də Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilməklə gətirilmiş erməni zabit və əsgərlərinin əli ilə. Mahiyyət eyni idi, sadəcə qırğının fomatını dəyişmişdilər. Əhaliyə xəbər etmədən fövqəladə vəziyyət tətbiq olunmuş, ordu şəhərə daxil olmuş və Sovet ordusu tərəfindən işğala məruz qalmışdır. Bu dəfəki işğal daha sərt rəftar, daha artıq qəddarlıqla müşayiət olunmuşdu.

Torpaq qanla qarışanda Vətən olur. 20 Yanvar faciəsi müstəqillik tariximizin, milli azadlıq hərəkatının zirvəsi idi, həm də təkcə faciə deyildi, bu, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan Azərbaycan xalqının şanlı tarixinə qanla yazılmış qəhrəmanlıq səhifəsi idi.

Bu gün də bütün dünyanın gözləri önündə qan tökən, minlərlə günahsız körpələri, qadınları, dinc əhalini öldürməkdən çəkinməyən həmin ordu respublikamızın ayrı-ayrı yerlərində 147 nəfəri qətlə yetirmiş, 744 nəfəri yaralamış, 841 nəfəri qanunsuz həbs etmiş, yüzlərlə evi, avtomaşını, təcili tibbi yardım maşınlarını, dövlət və şəxsi əmlakı məhv etmiş, milyonlarla maddi ziyan vurmuşdur.

20 Yanvar hadisələrindən sonra xalq Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzünü gördü, onların insanlarımızın tökülən qanını siyasi niyyətləri üçün alətə çevirdiklərinin, hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymət vermək üçün imkanlarından istifadə etmədiklərinin şahidi oldu.

Özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, sovet rejiminin qadağalarına rəğmən 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Günahsız, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

20 Yanvar faciəsinə ilk siyasi qiyməti də Ümummilli Liderin təşəbbüsü ilə 21 noyabr 1990-cı il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi verdi. Həmçinin, Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırdığı göz önündədir. Prezident İlham Əliyevin təşəbbüsləri ilə 20 Yanvar hadisələri nəticəsində əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşdırılmış, möhtərəm prezidentimizin şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə imzaladığı 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən təqaüd ayrılmışdır. Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılmış, Bakıda Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2023-cü il tarixində imzaladığı Fərmanla 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 (altı yüz) manat müəyyən edilmişdir.

Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbirincə desək: “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri