20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında “20 Yanvar - tarixin qan yaddaşı ” adlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları şəhidlərmizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov 20 Yanvar 1990-cı il hadisələri haqqında geniş məlumat verərək bu tarixi qan yaddaşımız adlandırıb. 20 Yanvar faciəsi həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
YAP Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinə ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini və dahi şəxsiyyətin sistemli fəaliyyətinin 20 Yanvar həqiqətlərinin ifşa olunmasına xidmət etdiyini vurğuladı.
Tədbirdə çıxış edən partiya fəallarından Dilarə Manafova, Nərmin Dostuyeva və Xəyalə Məmmədova 1990-cı ilin Qanlı Yanvar hadisəsinin Azərbaycan xalqı üçün təkcə böyük faciə deyil, eyni zamanda ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifə olduğunu bildirdilər və şəhid ailələrinə olan dövlət qayğısından bəhs etdilər.