20 yanvar 2023 10:47
789

Onlar igid, yenilməz olduqlarını sübut etdilər

20 Yanvar faciəsindən zərərçəkənlərə dövlət qayğısı müxtəlif istiqamətləri əhatə edir

Sovet imperiyasının hərbi-siyasi rəhbərliyi tərəfindən xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsindən 33 il ötür. Bu faciənin yolu çox-çox uzaqlardan başlamışdı. O yolun qarşısı nə SSRİ-nin, nə də ki, Azərbaycanın o vaxtkı rəhbərliyi tərəfindən kəsilmədi. Əksinə, daşnak ambisiyalarına dəstək verildi, onların daha geniş əl-qol açmasına şərait yaradıldı. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun ən müasir silahlarla təchiz olunmuş ayrı-ayrı hərbi birləşmələri Bakıya soxularaq qanlı qırğınlar törətdi.

Həmin faciədə şəhid olmuş oğul və qızlarımızın dəfn mərasimində iki milyondan artıq insanın iştirakı dünya milli azadlıq hərəkatı tarixində bir örnək kimi qiymətləndirilir. Şəhidlərimizin dəfn günü xalqın göstərdiyi rəşadət elə 20 Yanvar günü yaşanan qəhrəmanlıq qədər möhtəşəm bir mənzərə idi. Bu hadisəyə qədər ən gözəl hədiyyə sayılan qərənfil 20 Yanvar hadisələrindən sonra mahiyyətini dəyişdi və daha çox kədər rəmzi, şəhid qanı kimi xarakterizə olunmağa başladı.

20 Yanvar faciəsi Sovet imperiyasının əsl mahiyyətini, iç üzünü açıb göstərdi. Azərbaycan xalqının milli azadlıq hərəkatına keçidini sürətləndirdi. Bu qanlı hadisə SSRİ-nin dağılmasında xüsusi bir mərhələ oldu. Faciə həm də milli birliyimizin və gücümüzün rəmzinə çevrilərək yeni nəsillərə çatdırılacaq ən şərəfli tariximizə çevrildi. 20 Yanvar bizə Vətənə sahib çıxmağı, Vətənə sahib çıxanlara sahib çıxmağı öyrətdi.

20 Yanvar təkcə Azərbaycanın deyil, bütövlükdə türk xalqlarının faciəsi idi. Bu faciə, eyni zamanda, xalqın bir yumruq kimi birləşməsinin, zülmə, ədalətsizliyə qarşı ümummilli etirazın baş verməsinin başlanğıcı oldu. Qanlı qırğından dərhal sonra o zaman beynəlxalq aləmdən təcrid edilmiş, heç bir yerdən kömək əldə edə bilməyən xalqımızın düçar olduğu faciəyə ilk etiraz səsini ucaldan ulu öndər Heydər Əliyev oldu. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində verdiyi kəskin bəyanat 20 Yanvar faciəsi xəbərinin beynəlxalq aləmə yayılmasında mühüm rol oynadı. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin 20 Yanvar terror əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verdi. Ulu Öndər bu faciənin törədilməsində əsl günahkarların - SSRİ rəhbərliyinin adını birmənalı olaraq çəkdi. Bu, Sovet imperiyasının öz xalqına qarşı silah qaldırmasının və günahsız əhalini qanına qəltan etməsinin bütün dünya qarşısında ifşası idi. Lakin həmin vaxt bu faciənin törədilməsinə qarşı ən  böyük etiraz və hiddət Azərbaycanın o vaxtkı rəhbərliyindən gözlənilsə də, təəssüf ki, bu hal baş vermədi.

İndi şəhidlərimizin uyuduğu Şəhidlər xiyabanı Azərbaycan xalqının ən müqəddəs yerlərindən biridir. Bu zirvədən keçmişimiz də, gələcəyimiz də, o taylı, bu taylı Azərbaycan da görünür. Şəhidlər xiyabanı tariximizin, itkilərimizin və qürurumuzun rəmzidir.

Möhtərəm Prezidentimiz İlham Əliyev hər il 20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanını ziyarət edir. Dövlət başçısının göstərişi ilə respublikamızın hər bir bölgəsində anım tədbirləri keçirilir. 20 Yanvar qurbanlarının ailə üzvləri, hadisə zamanı sağlamlığına ziyan dəymiş insanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə müharibə və ya 1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2023-cü il yanvarın 1-dən 600 manat müəyyən edilib. Həmçinin Prezident İlham Əliyevin Fərmanına əsasən, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən artırılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 500 manat, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 400 manat, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə isə 330 manat təqaüd müəyyən edilib. Sözügedən təqaüdlərin artırılması ölkə rəhbərliyinin bu kateqoriyadan olan insanlara yüksək diqqət və qayğısının ifadəsidir.

Bakı şəhərində, habelə ölkəmizin başqa yerlərində də 20 Yanvar şəhidlərinin adını əbədiləşdirən çoxlu abidələr, xatirə kompleksləri ucaldılmışdır. Lakin ən möhtəşəm abidəni xalqımız öz qəlbində, yaddaşında yaratmışdır. 20 Yanvar şəhidlərinə ən müqəddəs və əbədi abidə isə xalqımızın müstəqilliyi və azadlığıdır. Xalqımız ölkəmizin müstəqilliyi göz bəbəyi kimi qorumaqla 20 Yanvar şəhidlərinin xatirəsini əbədi yaşadacaq.

Cavid Əkbərov, “İki sahil”