Rusiya paytaxtında 20 Yanvar şəhidlərinin xatirəsi anılıb.
“İki sahil” xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyinin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və diaspor nümayəndələri ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefi, eləcə də binanın qarşısında yaradılmış xatirə stendinin önünə əklillər və gül dəstələri qoyublar.
Daha sonra səfirliyin qonaq evində tədbir keçirilib. Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin səfirləri və hərbi attaşelərinin iştirak etdiyi anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1990-cı il 20 Yanvar gecəsi sovet repressiya maşının qarşısına çıxaraq azadlıq tələbi irəli sürən Azərbaycan vətəndaşlarının qəhrəmanlığından danışıb. O qeyd edib ki, həmin dövrdə Azərbaycan blokada şəraitində yaşayırdı və respublikanın haqq səsini heç kim eşitmirdi: “Hadisələrin səhəri günü Heydər Əliyev ailə üzvləri ilə birlikdə bu binaya gələrək sovet rəhbərliyinə qarşı ittihamlar irəli sürdü, həmin qanlı hadisələri cinayət adlandırdı və bu, baş verən faciəyə verilən ilk siyasi qiymət idi”.
Səfir qeyd edib ki, “Qara Yanvar” Azərbaycan tarixinin sağalmamış yarasıdır: "Qara Yanvar dönüş nöqtəsi, sovet dövlətinin öz vətəndaşlarına münasibətdə keçdiyi "qırmızı xətt" idi. Bakının küçələrində partiya biletlərinin necə yığılıb yandırıldığını xatırlayıram, prezident aparatının binasındakı yazıları xatırlayıram. Qorbaçovun faşist olduğunu, insanlarla bu cür davranmağın qəbuledilməz olduğunu xatırlayıram. Bu dönüş nöqtəsi idi”.
Polad Bülbüloğlu vurğulayıb ki, həmin hadisələrdən 33 il ötür. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. “İndi ulu öndər Heydər Əliyevin, bütün şəhidlərimizin ruhu şaddır. Allah onlara rəhmət eləsin!”, - deyə səfir əlavə edib.
Tədbirdə çıxış edən Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru, Azərbaycan Yazıçılar Birliyinn Rusiya bölməsinin rəhbəri Abuzər Bağırov Moskvadakı Daimi Nümayəndəliyimizin önündə 1990-cı ilin 20 yanvarından başlayaraq bir neçə gün davam edən mitinqin təşkilindən danışaraq həmin günlər haqqında xatirələrini bölüşüb.
Tədbirdə çıxış edən Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru Sergey Markov, Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov və digər natiqlər 1990-cı ilin 20 yanvarında baş verənləri təkcə Azərbaycanın deyil, bütün SSRİ və Rusiyanın tarixinin qanlı səhifəsi adlandırıblar.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan süfrəsi təşkil edilib.