Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda “20 Yanvar - Ümumxalq Hüzn Günü” adlı anım tədbiri keçirilib.
Baş konsulluqdan "İki sahil"ə bildirilib ki, tədbirdə Türkiyənin və Türkmənistanın Aktaudakı Baş konsullarının əməkdaşları, Mangistau vilayətinin Xalq Məclisinin üzvləri, yerli KİV nümayəndələri, azərbaycanlı iş adamları, icma üzvləri və vilayətdə yaşayan yəhudi, inquş, belarus, ləzgi, çeçen və digər xalqların diaspor fəalları, gənclər və burada təhsil alan azərbaycanlı və qazax tələbələr iştirak ediblər.
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun başçısı vəzifələrini icra edən Elçin Məmmədov tədbiri açdıqdan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
E.Məmmədov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordu bölmələrinin Bakı və Sumqayıt şəhərlərində, eləcə də Lənkəran və Neftçala rayonlarında dinc əhaliyə, o cümlədən qadınlara, qocalara, uşaqlara qarşı amansız divan tutaraq, qanlı qətliam törədildiyini bildirib. Həmin gecə 149 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin ağır yaralandığı, 4 nəfərin itkin düşdüyü barədə məlumat verilib.
Bildirilib ki, faciədən dərhal sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirmiş, törədilmiş bu qətliamı kəskin pisləyərək ona siyasi-hüquqi qiymət verilməsini, cinayətkarların cəzalandırılmasını tələb etmişdir.
Azərbaycanda faciəyə siyasi-hüquqi qiymətin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin mart ayında Milli Məclisin qərarı ilə verildiyi və 20 Yanvar hadisəsinin Ümumxalq Hüzn Günü kimi qəbul edildiyi diqqətə çatdırılıb.
Sonra E.Məmmədov 30 ildən artıq işğal altında qalan ərazilərimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildiyini vurğulayıb, Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı addımların bundan sonra da layiqincə cavablandırılacağını bildirib.
Diplomat Qazax xalqının 20 Yanvar faciəsi, birinci və ikinci Qarabağ müharibələri zamanı Azərbaycanın yanında olduğunu və qardaşlıq yardımını əsirgəmədiyini qeyd edib.
Türkiyənin Aktaudakı Baş konsulu Sabri Alptekin çıxışında bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün türk millətinə qarşı törədildiyini bildirib. O, 20 Yanvar hadisəsinin faciə ilə yanaşı, müstəqilliyə doğru atılan addım olduğunu və hazırda ölkəmizin hərbi, iqtisadi qüdrəti ilə dünyada söz sahibinə çevrildiyini deyib.
Daha sonra Türkmənistanın Baş konsulu Muhammetnur Ovezova bu qanlı hadisənin sovet ordusu tərəfindən törədilməsinin SSRİ tərkibində yaşayan türkmən xalqı tərəfindən kəskin pislənildiyini qeyd edib, hazırda türk birliyi çərçivəsində qurulmuş əməkdaşlığın müstəqilliyimizin zəmanəti olduğunu vurğulayıb. Bununla yanaşı, Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Aşqabadda keçirilən görüşünü xatırladaraq, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən sıx əməkdaşlığın Türk dünyasının güclənməsinə və daha da genişlənməsinə xidmət etdiyini bildirib.
Qanlı Yanvar hadisəsinin canlı şahidi, texniki elmlər doktoru, professor Yusif Quliyev çıxış edərək hadisə barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonra 20 Yanvar hadisəsi ilə bağlı sənədli film nümayiş etdirilib.