Azərbaycan 1918-ci ildə müstəqil olduqdan və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən indiyədək qonşularla daim sülh və əməkdaşlıq şəraitində yaşamağa çalışıb. Təəssüf ki, həm cümhuriyyət dövründə, həm də müstəqilliyini bərpa etdikdən sonra Azərbaycana qarşı düşmən mövqedə olan qonşular olub və bu gün də var. Bu iki qonşunun biri Ermənistandırsa, digəri İrandır.
Ermənistan yarandığı gündən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib. Hərçənd Ermənistan tarixi Azərbaycan torpaqları üzərindən qurulmuş bir dövlətdir və Azərbaycan torpaqlarını da 30 ilə yaxın işğal altında saxlayıb. Təəssüf ki, rəsmi adında “İslam” sözü olan İran Ermənistanla birgə Azərbaycana qarşı düşmən mövqeyi göstərib və göstərməkdə davam edir. İranın bu düşmən mövqeyi özünü Azərbaycan torpaqları işğal altında olduğu müddətdə İranın Ermənistana yardımında göstərirdi. Müharibənin gedişində Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür vasitələrdən istifadə edirdi. İranın təkcə adi kütləvi informasiya vasitələri deyil, ölkənin ali rəhbərindən tutmuş, prezidentinə, xarici işlər nazirinə, səfirinə qədər hər kəs ölkəmizə qarşı yalan və böhtan dolu fikirlər səsləndirməkdən çəkinmirdilər. İndi də İran rəsmiləri Ermənistanın ərazi bütövlüyünün "qırmızı xətt" olması ilə bağlı ardıcıl bəyanatlar verir, Azərbaycana qarşı hədələr səsləndirir, bütün mümkün vasitələrlə Ermənistanı müdafiə edirlər. İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət də rəsmi Tehranın ikiüzlü siyasət yürütdüyünü aydın göstərir. İranda yaşayan qeyri-fars xalqları arasında yalnız ermənilərin ana dilində məktəbləri mövcuddur. Bundan başqa, İranda ermənilər uşaq bağçasından universitetədək öz ana dillərində təhsil alır, məktəblərdə erməni ədəbiyyatı, tarixi tədris olunur. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirə bilirlər. Cənubi Azərbaycandakı 35 milyonluq azərbaycanlılar isə təzyiqlərə məruz qalaraq sıxışdırılır. Onların məktəblərdə ana dilində təhsil almasına imkan verilmir. İranın azərbaycanlılara, Cənubi Azərbaycana, Azərbaycan Respublikasına münasibəti budur.
Göründüyü kimi, Azərbaycan İrana xoşməramlığını dəfələrlə nümayiş etdirsə də, İran “xain xoflu” xislətindən əl çəkmir. Region ölkələrinin bir-biri ilə, o cümlədən müxtəlif bəhanələrlə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına mane olmağa çalışır. İran Türkiyə-Azərbaycan münasibətlərindən, əməkdaşlığın inkişaf etdirilməsindən qıcıqlanır, buna xaincə yanaşır. Bunu açıq şəkilə dilə gətirməkdən də çəkinmirlər. İran və Ermənistan rəsmiləri iki ölkə arasında dostluq əlaqələrinin “tarixi” köklərə bağlı olduğunu hesab edirlər. Nə qədər təzadlı olsa da, qardaşlıq münasibətlərindən dəm vuran bu ölkələrdən biri – Ermənistan müsəlmanlara qatı düşmən mövqeyi bəsləyir, digər tərəf – İran isə özünü İslam ənənələrinin “davamçısı” kimi qələmə verir.
Bu günlərdə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri Zəngəzurda jurnalistlərlə söhbətində deyib ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir: “Ermənistan bizim qonşumuz və dost ölkəmizdir. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. İranın mövqeyi həmişə beynəlxalq qanunlara uyğun olaraq bütün ölkələrin, o cümlədən Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmək olub. Bu, Ermənistanla münasibətlərdə aparılan siyasətdir. Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək. Yollar, iqtisadi əməkdaşlıq və s. ilə bağlı öz təsirini göstərən müxtəlif istiqamətlərdə işlər aparılır”.
Bu, o deməkdir ki, İran özünün düşmənçilik mövqeyindən nəinki əl çəkmir, hətta bu istiqamətdə fəaliyyətini daha da genişləndirməyə çalışır. Məlum olduğu kimi, İran son zamanlar Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Rəsmi açıqlamada təlimin illik plana uyğun olaraq təşkil edildiyi bildirilsə də, Tehranın məqsədinin fərqli olduğu açıq-aydındır. Anti-Azərbaycan xarakteri daşıyan təlim molla rejiminin əzələ nümayişidir. "Güc nümayişi"nə cəhd edən İran, əksinə, bu təlimlərlə ordusunun qeyri-peşəkar, müasir hərbi standartlardan çox geridə qaldığını ortaya qoyur. Uzun illər tətbiq olunan sanksiyalar səbəbindən İran ordusu texnoloji baxımdan 1970-ci illər səviyyəsindən uzağa gedə bilməyib. Yayılmış kadrlardan aydın oldu ki, İranın ağır texnikası köhnə tanklar və s. ibarətdir. Təlimlər zamanı hədəflərin düzgün müəyyən edilməməsi, öz texnikasının hədəf götürülməsi və dağıdılması halları baş verdi ki, əvvəlki təlimlərdə eyni hallar dəfələrlə qeydə alınıb. Hətta İran ordusu buna görə artıq lağ obyektinə çevrilib. Heç kəsə sirr deyil ki, bu gün İran Ukrayna şəhərlərinin, mülki əhalisinin hədəf götürülməsində birbaşa iştirak edir. Riyakarcasına inkar etməsinə baxmayaraq, bununla bağlı faktlar mövcuddur. Molla rejimi dronlarını, mütəxəssislərini Ukraynaya qarşı hərbi əməliyyatlarda iştiraka cəlb edib. İranın ciddi-cəhdlə təriflədiyi dronlar Ukrayna ordusu tərəfindən asanlıqla məhv edilir.
Əlbəttə ki, İranın əzələ nümayişi bu gün heç kimi, o cümlədən də, Azərbaycanı qəti narahat etmir. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatında bildirib: "Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu, sülh, sabitlik amilidir. Ancaq eyni zamanda, əgər kimsə yenə də bizə qarşı ədalətsiz hərəkət etmək istəsə, əlbəttə ki, bu amili ciddi nəzərə almalıdır".
İran bu mesajdan ciddi nəticə çıxarmalı və hansı qüvvə ilə üz-üzə gəlmək istədiyini anlamalıdır.
Sevinc Azadi, “İki sahil”