25 yanvar 2023 03:37
565

Orta Dəhliz üzərində yerləşmə Azərbaycan üçün əlavə biznes imkanları yaradır

Prezident İlham Əliyev bütün görüşlərində, müsahibə və çıxışlarında Azərbaycanın dünya iqtisadiyyatında, enerji təhlükəsizliyində oynadığı roldan bəhs etmiş və regionda olan mövcud reallıqları səsləndirmişdir. Belə vacib görüşlərdən biri də yanvarın 19-da baş tutan Davos Dünya İqtisadi Forumudur. Prezident İlham Əliyev forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Ölkə prezidenti iclasda çıxışı zamanı bildirib ki, Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Hazırda  əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Dəhliz boyunca yerləşən ölkələr arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq getdikcə genişlənir ki, bu da daşımalar, yüklərin cəlb edilməsi, logistika ilə bağlı məsələlərin uzlaşdırılmasına geniş imkanlar yaradır. Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Dəhlizə daha çox həcmlərdə yüklərin cəlb olunması, həmçinin aşırma infrastrukturunun genişləndirilməsi ilə bağlı Gürcüstanın, Mərkəzi Asiya dövlətlərinin hökumətləri ilə intensiv müzakirələr aparılır və koordinasiyalı fəaliyyət təmin olunur.

Prezident çıxışında bildirib ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyontona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur. Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq. Biznes mühitinin təkmilləşdirilməsi uğurun əsas amillərindən biridir. Bütün ölkələrin, hətta ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var.

“Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında moderatorun suallarını cavablandıran ölkə başçısı Orta Dəhliz layihəsində Azərbaycanın yeri və rolu barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, bu dəhliz ilk növbədə Azərbaycanın iqtisadiyyatına müsbət təsir edəcək və ölkəmiz xidmət ixracına başlamaqla iqtisadiyyatının şaxələndiriməsinə nail olacaq, Azərbaycan iqtisadiyyatı daim yüksələn xətlə inkişaf edir və edəcəkdir.

Yaşasın Azərbaycan və onun müdrik Prezidenti İlham Əliyev!

Günay Dəmirova,
Bakı şəhəri, 116 nömrəli tam orta məktəbin direktor müavini