26 yanvar 2023 17:39
402

Tarix Muzeyinin fonduna XX əsrin əvvəllərinə aid eksponat daxil olub

Milli Azərbaycan Tarix Muzeyinin fonduna XX əsrin əvvəllərinə aid “Qodu” gəlinciyi daxil olub.

Bu barədə "İki sahil"ə muzeydən məlumat verilib.

Qeyd olunub ki, XX əsrin əvvəllərinə aid olan gəlincik əl işidir. Gəlincik mis boru üzərində formalaşdırılaraq, üz cizgiləri saplarla tikilib, bəzədilməsində isə milli geyim nümunələri və başqa bəzək əşyalarından istifadə edilib. Üst geyimində zoğalı və yaşıl rəngli zərxara parçadan arxalıq, bel geyimində 5 qat müxtəlif parçalardan tuman geyindirilib.

Gəlinciyin başında buta formalı iri gümüş alınlıq, boğazında sıxılmış firuzədən mavi muncuqları, qara-pişikgözü və gümüş muncuqlu bəzəyi var. Əllərinə səsli qumrovlar, örtük üzərindən başın arxa hissəsinə də təbii daşlar tikilib.

Muzeyin Etnoqrafiya fonduna yeni daxil olan belə gəlinciklərdən vaxtilə zəngin ailələrin uşaqları da oyuncaq kimi istifadə ediblər.