Uzun illər İranın şovinist molla rejiminin Cənubi Azərbaycana ögey münasibəti ürəyimizdə daim qövr edən sağalmaz bir yara açıb. Bəli, Cənub dərdi azərbaycanlıların ağır dərdi, ümumi kədəri və nisgilidir. Son zamanlar şovinist İranın mollakratiya rejiminin biganəliyi və qəsdi nəticəsində gündən-günə quruyan Urmiya gölünün faciəli durumu dərdimizin üstünə bir dərd də gətirib…
Qoca Şərqin ən gözəl incilərindən Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Cənubi Azərbaycan torpaqlarının beşdə birini təşkil edir. Urmiya gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potas, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 litium olduğu ehtimal edilir. Urmiya gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə nədən olur. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı (“Gülmənxana”, “Şərəfxana”, “Heydərabad”, “Rəhmanlı”, “Xantaxtı”, “Şahi”) vardır.
Füsunkar Urmiya gölü və onun çevrəsində 2014-2016-cı il biomüxtəlifliyin son siyahıları əsasən (adalarda yerləşən çayları ilə birlikdə) 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk və 26 növ balıq yaşayırdı. Bu canlıların varlığı və çeşidliyi Urmiya gölünün UNESCO tərəfindən biosfer qoruğu elan edilməsinə və Ramsar konvensiyasına salınmasına səbəb olmuşdu.
Çox təəssüf ki, əsrarəngiz gözəlliyi ilə seçilən, Cənubi Azərbaycanımız üçün böyük mənəvi mənası olan, yaşı min illərlə ölçülən Urmiya gölü bu gün özünün həyəcanlı günlərini yaşayır. Belə ki, gündən- günə qurumaqda olan bu gölün dərdinə çarə qılmaq İranın hakimiyyət dairələrinin heç yadına da düşmür. Halbuki, gölün qurumasının qarşısını almaq üçün əsaslı tədbirlər görmək olar. Çünki Urmiya gölünün qurumasına təbii amillərlə yanaşı, ekstensiv əkinçilik, sudan səmərəli və çağdaş texnologiyalardan yararlanmadan istifadə, əkin çeşidlərinin düzgün seçilməməsi, gölə axan çaylar üzərində nizamsız və fəsadları nəzərə alınmadan çoxlu sayda su anbarlarının inşası və sair kimi süni amillər də təsir edir. Birmənalı demək olar ki, bu süni amilləri aradan qaldırmaq istəməyən İranın fars-molla rejimi mövcud ekoloji terroru dəstəkləyir.
Böyük həyəcan hissi ilə demək lazımdır ki, Urmiya gölünün ətrafında yerləşən soda zavodu bölgə sakinləri üçün mühüm təhlükə mənbəyidir. Müəssisə ətraf mühiti zəhərləyir və gölü çirkləndirir. Digər təhlükə göldə duzluluğun artması ilə artemiyalarla qidalanan qızıl qazların dimdiklərində kilidin əmələ gəlməsi ilə bu canlıların aclıq və susuzluqdan tələf olmasıdır. Bu göldə yaşamaqda olan artemiyaların sayı təbii halda 1 litrdə 4000-nə qədər ola bildiyi halda, hazırda 1 litrdə 1 ədədə enmişdir.
Gölün suyu ortalama olaraq il ərzində 1,3 milyard kubmetr azalır. Cənubi Azərbaycandan olan ekoloqlar həyəcan təbili çalaraq bildirirlər ki, əgər gölün qurumasının qabağı alınmasa bu gedişlə o bir neçə ilə qədər tamamilə quruyacaq. Gölün yerində bataqlaşmış sahələr, şoranlıqlar meydana gələcək. Urmiya şəhər rəhbərliyinin sözlərinə görə əgər Urmiya gölü tamamən quruyarsa onun yerində 10 milyard ton duz qalacaqdır..Bu isə bölgədə yaşayan 14 milyon insanın ərazini tərk etməsinə səbəb olacaqdır.
Bundan başqa, gölün üzərinə salınmış körpü də bu su hövzəsinə böyük zərər vermişdir. Belə ki, körpü salınarkən yaxınlıqda yerləşən Zənbil dağı dağıdılaraq gölə tökülmüşdür. Bu körpünün tikintisi ilə göl cənub və şimal olmaqla iki yerə bölünmüşdür. Bununla da şimal ilə cənub arasında axın əlaqəsi zəifləyib.
Tədqiqatçı-alimlərin fikrincə, gölün qurumaması üçün ildə ən azı 6000.000 kubmetr su lazımdır. Bu qədər su illərdir Urmiya gölünə tökülmür. Gölün səviyyəsi 10 ildə 6 metr aşağı düşmüşdür. Səviyyənin bu qədər azalması gölün sahəsinin təqribi 20 faiz azalmasına səbəb olub. Bunun nəticəsində gölün 9 iri adasından 5-i quru ilə birləşib. Acınacaqlı haldır ki, artıq gölün xüsusilə cənub hissəsində sahəsi 120000 hektar olan şoranlıq meydana gəlib. Hazırda Urmiya gölünün suyunun duzluluğu 1 litrdə 300 qrama çatır. Gölün sahillərində qalaqlanan duzlaqlar əsas təhlükə sayılır. 1998-ci ildən quruyan gölün səviyyəsi 70 faiz azalıb.
Yeri gəlmişkən, qurumamışdan əvvəl Urmiya gölünün uzunluğu 140, eni 55 kilometr, ümumi sahəsi 5822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Həmin su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Burada nadir heyvanlar və bitkilər var idi. Göl duzluluğuna görə dünyada üçüncü yeri tutur. Yaxın və Orta Şərqin bu təbiət incisində su səviyyəsinin azalması 1984-cü ildən müşahidə edilməyə başlayıb. Hələ o zaman Cənubi Azərbaycandan olan milli fəallar, mütəxəssislər, sakinlər həyəcan təbili çalaraq İran hökumətinə, eləcə BMT-yə müraciət etsələrdə heç bir nəticə əldə olunmayıb.
Bir neçə il bundan əvvəl “Amerikanın səsi“nin saytında Urmiya gölü ilə bağlı keçirilən canlı forumda İllinoys Universitetinin Kənd Təsərrüfatı üzrə professoru Məhəmməd Kanduri bildirmişdi ki, dünyanın nüfuzlu alimləri tərəfindən aparılan tədqiqatlara görə bu göldə 27 il əvvələ qədər quruma baş verməyib: “Keçən min illər gölün suyu arabir azalıb çoxalsa da, keçmişdə gölün quruması barədə heç bir dəlil yoxdur”.
Mütəxəssislərə görə göl quruduğu təqdirdə yerdə qalan duz insanlara, ətrafdakı heyvanlara və bitkilərə böyük zərərlər verəcək, duz bölgənin bütün həyat tərzinə mənfi təsir göstərəcək və burada yaşamaq olduqca çətin, bəlkə də imkansız olacaq. Urmiyaya axan çaylar üzərindəki su bəndləri açılmasa və gölün qurumasının qarşısı alınmasa, bu, həmin çaylardan istifadə edən ərazilərə və bölgədə kənd təsərrüfatına mənfi təsir edəcək. Göl qurusa orada azından 6 milyard kubmetr duz qalacaq ki, onun ziyanını canlılar çəkəcək. Ətrafdakı ərazilər təkcə səhralaşmayacaq, eyni zamanda, duzların bir hissəsi “turşu yağışı” adlandırılan zərərli maddələri ehtiva edən yağışlara səbəb olacaq. Ona görə də gölə axan çayların qabağı açılmalıdır. Yalnız bu yolla problemi həll etmək mümkündür. Alimlərin fikrincə, gölün xilası Qərbi Azərbaycan vilayətinin ərazisindəki çayların və digər torpaqların da xilası deməkdir.
Təəssüf ki, bu gün İranın şovinist molla rejimi Urmiya gölünün qurumasının qarşısını almaq üçün lazımi addımlar atmır. Bütün bunlar öz növbəsində Cənubi Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Yəni, İrandakı mollakratiya bilərəkdən Güney Azərbaycanda ekoloji terror törədib.
Cənubdakı soydaşlarımızın, milli fəalların fikrincə, gölün qəsdən qurudulması azərbaycanlıları yaşadıqları həmin ərazilərdən İranın mərkəzi şəhərlərinə köçürmək və onları assimilyasiya etmək məqsədi daşıyır. Təbii ki, Urmiya gölü cənublu soydaşlarımız üçün xüsusi məna kəsb etdiyi üçün İranda zaman-zaman gölün qurudulmasına qarşı etiraz mitinqləri keçiriblər. 2011-ci ildə keçirilən etiraz aksiyalarında da ən çox səslənilən şüar “Urmu gölü can verir, məclis (parlament) onun qətlinə fərman verir” idi.
Təbii ki, bu gün Urmiya gölünün faciəli vəziyyəti və onun ağır nəticələri ilə bağlı həyəcansız danışmamaq olmur. Bu mənada İranın irqçi rejimi nəhayət, ekoloji terroru dəstəkləməkdən vaz keçməli, təcili olaraq Urmiya gölünün dərdinə əlac etməlidir. Əks təqdirdə bu, həmin bölgədə daha faciəli olaylara yol aça bilər…
Zahid Rza, “İki sahil”