27 yanvar 2023 01:58
706

Mərhələ-mərhələ gerçəkləşdirilən anti-Azərbaycan planı

Qərbi Azərbaycana Qayıdış tarixi ədaləti bərpa edəcək!

Tarixi sənədlər, xəritələr və digər dəlil-sübutlar dəqiq təsdiq edir ki, Qərbi Azərbaycan bizim tarixi dədə-baba yurdumuzdur

Bu gün Azərbaycanın Zəfər tarixi davam edir... Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan xalqı alnıaçıq və başıuca öz Qarabağ Zəfərini qeyd edir və Böyük Qayıdışı yaşayır.  İndi qarşımızda daha bir müqəddəs missiya və hədəf dayanır ki, bu da Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi yurdlarına dinc şəraitdə qayıtmasıdır. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi azərbaycanlıların hüquqları təmin olunsun. 

Qərbi Azərbaycan tariximizin unudulmaz bir parçasıdır. Qərbi Azərbaycan torpağı Azərbaycan elminə görkəmli şəxslər – ictimai xadimlər, elm, mədəniyyət, ədəbiyyat və incəsənət aləmində öz sözü olan şəxslər bəxş edib. Qərbi Azərbaycanın köklü sakinləri Azərbaycan türkləri olub, ermənilər isə xaricdən bu ərazilərə köçürülmüşdür.

Qərbi Azərbaycan özünün əzəli sakinlərinin yolunu gözləyir

XIX əsrdə çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb.  Azərbaycanlıların Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir.

Çox təəssüf ki, Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiyası kütləvi şəkildə 4 dəfə - 1905-1906-cı, 1918-1921-ci, 1947-1953-cü, 1988-1991-ci illərdə bütün beynəlxalq və ictimai normalara sığmayan bir özbaşınalıqla həyata keçirilib. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıblar, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib. Ermənilərin sovet rejiminin imkanlarından istifadə edərək həyata keçirdikləri anti-Azərbaycan təbliğatı 1980-ci illərin ortalarında daha da güclənib. Bütün məhrumiyyətlərə, deportasiyalara baxmayaraq, 1988-ci ilə qədər Ermənistanda azərbaycanlıların yaşadıqları ərazi respublika ərazisinin (29.8 min kvadratkilometr) 25 faizini, yaxud təqribən 7.5 min kvadratkilometrini təşkil edib. 1988-ci ildə Qərbi Azərbaycandan 300 mindən çox adam deportasiya olunub. Bununla da ermənilər Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət etmiş, dağıtmış və xarabalığa döndərmişlər. Soydaşlarımızın tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyətində indi yaşayış yoxdur və xarabalığa çevrilmiş şəkildə qalmaqdadır. Bu, o deməkdir ki, Qərbi Azərbaycan özünün əzəli sakinlərinin yolunu gözləyir. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır.

Bütün bu özbaşınalıqların arxasında Cənubi Qafqazda işğalçılıq siyasətini aramsız olaraq davam etdirən çar və sovet Rusiyasının imperiya ambisiyaları dayanıb. Dünyanın müxtəlif yerlərindən Qərbi Azərbaycana, o cümlədən də İrəvan xanlığına - indiki Ermənistana köçürülən “məzlum” ermənilər sonralar hər iki imperiyanın türk-müsəlman xalqlarına qarşı dağıdıcı missiyasının önündə gedib, “erməniçilik” adlı vandalizmin ideoloji mahiyyətini təşkil edib.

Təəssüf ki, bu ağlasığmaz şovinist özbaşınalığına münasibətdə beynəlxalq ictimaiyyət hələ də susmaqdadır. Qərbi Azərbaycan tarixi dünya coğrafiyasının ədalətsiz imperialist maraqlar rakursunda nə qədər birtərəfli olduğunu göstərən mühüm faktoloji əsasdır. Azərbaycanlıların əsrlər boyu didərgin salınması, imperialist dairələrin bu reallığı görməzdən gəlməsi və nəticədə işğalın legitimləşdirilməsi bir xalqın yurd-yuvalarından zorla qovulması prosesinin ən dəhşətli mənzərəsidir.

Tarixi həqiqətləri üzə çıxaran, dünyaya təqdim edən LİDER

Tarix boyu azərbaycanlılara qarşı soyqırımına lazımi səviyyədə siyasi-hüquqi qiymət verilməmişdir.  Sovetlər dönəmində bu məsələlər gizli saxlanılmışdı, o dövrdə yetişən nəsil həqiqi tarixi dəqiq bilmirdi, sovetlər ittifaqı isə azərbaycanlıları və erməniləri qardaş xalqlar kimi təqdim edirdilər. Yalnız müstəqillik əldə etdikdən sonra tarixi faktlar üzə çıxarıldı. Bu baxımdan, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verdiyi qərarlar həqiqətlərin üzə çıxarılmasında mühüm rol oynadı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə Qərbi azərbaycanlılara diqqət və qayğı göstərilib. Azərbaycan xalqına qarşı ermənilərin dəfələrlə törətmiş olduğu və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış deportasiya və soyqırımı faktları da tariximizin açılmamış səhifələrindən biri idi.

Ulu Öndərimizin ən böyük xidmətlərindən biri xalqımız üçün tarixi və taleyüklü məsələyə – ermənilərin xalqımıza qarşı təxminən iki əsrə yaxın davam etmiş və xalqımıza qarşı ərazi iddiaları ilə həyata keçirdiyi soyqırımı faktlarına münasibəti məsələsidir. Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə ulu öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Fərman imzalamışdır. Xüsusilə Ümummilli Liderimizin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman gələcək nəsillərin tarixi hadisələri unutmaması, keçmişimizin xatırlanması üçün çox mühüm bir sənəddir. Azərbaycan xalqının təxminən otuzillik tarixinin elə bir səhifəsi yoxdur ki, orada Heydər Əliyevin imzası olmasın. Tarixi ərazilərimizdə dövlətçiliyin müasir mərhələsinin yaradılması, vətəndaş cəmiyyəti quruculuğu birbaşa Ulu Öndərin adı ilə bağlıdır.

Dədə-baba torpaqlarına qayıdış təmin ediləcək

Hazırda Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin bu yöndə müəyyənləşdirdiyi siyasətini uğurla davam etdirir. Qərbi Azərbaycan İcmasının yeni, müasir tələblərə cavab verən inzibati bina ilə təmin olunması da bu siyasətin tərkib hissəsidir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Prezident İlham Əliyev öz doğum günündə Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub, icmanın bir qrup ziyalıları ilə görüşüb. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının binasının açılışında iştirak etməklə növbəti dəfə öz ənənəsinə sadiqliyini nümayiş etdirdi və Azərbaycan xalqına növbəti böyük bir hədiyyəsini təqdim etdi. Qərbi Azərbaycan İcmasının binasının açılışı siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması xüsusi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Qərbi Azərbaycan İcması ilə görüşdə tarixi yurd yerlərinə Qayıdışa nail olmaq üçün həmin torpaqlarda deportasiyaya, soyqırımına məruz qalmış soydaşlarımızın taleyi ilə bağlı son 2 əsrlik tarix üzrə tədqiqatların aparılması və mükəmməl konsepsiya hazırlanması göstərişini verib. Görüşdə həmin regionun tarixinin bütövlükdə kompleks şəkildə tədqiqindən, yazılmış tarixin bir neçə dilə tərcümə edilib dünya ictimaiyyətinə çatdırılmasından söz açılıb. Burada məqsəd öz dədə-baba torpaqlarından məhrum edilmiş vətəndaşlarımızın torpaqlarına qaytarılması probleminin həll edilməsidir.

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi

Qeyd edək ki, yanvarın 26-da Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını müzakirə edərək təsdiqləyib. Qeyd edək ki, Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər təşkil olunub. Müzakirələr zamanı yüzlərlə təklif irəli sürülüb, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elektron poçtuna çoxsaylı təkliflər daxil olub. Bütün təkliflər İşçi Qrupunda sistemləşdirilib, təhlil edilərək ümumiləşdirilib. Konsepsiyanın prinsiplərindən birincisi təhlükəsizlik, ikincisi ləyaqət, üçüncüsü isə sülh yolu ilə Qərbi Azərbaycana qayıdışı nəzərdə tutur. Eyni zamanda, konsepsiya Qərbi azərbaycanlıların öz tarixi Vətənlərinə qayıtması üçün yol xəritəsi rolunu oynayır. Konsepsiya beynəlxalq, humanitar və müharibə hüquqlarına, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması hüquqlarına əsaslanır. Ona görə də konsepsiyanın qəbul olunması Qərbi Azərbaycan icmasının fəaliyyətində yeni bir mərhələ yaradır, mübarizəmizi yeni keyfiyyət mərhələsinə daxil edir.

Qərbi Azərbaycan icmasının əsas vəzifələrindən biri də tarixi torpaqlarımıza qayıtdıqdan sonra müxtəlif əyani vəsaitlər əsasında bizə aid olan abidələrimizin dirçəldilməsi və bərpa olunması ilə bağlı fəaliyyətdir. Həmçinin əsas hədəflərdən biri beynəlxalq arenada Qərbi Azərbaycan icmasının səsinin eşidilməsinə nail olmaqdır. Bu istiqamətdə beynəlxalq və regional insan hüquqları təşkilatları ilə sıx əməkdaşlıq etməklə onların məhz Qərbi Azərbaycan İcmasının bu münasibətlərdə hüquqi subyekt kimi tanınmasına nail olmaq lazımdır.

Dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsi zamanı da  Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etdi.  Xüsusilə Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran Prezident İlham Əliyev bu müsahibəsində də həmin mövzuya dair mühüm fikirlər səsləndirdi: “Bu gün sirr deyil ki, Qərbi Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi. Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.”

Qərbi Azərbaycana Qayıdış Vətən müharibəsindəki tarixi Zəfərin davamı olacaq. Əminik ki, dövlətimiz Ağdam, Kəlbəcər və Laçında olduğu kimi, heç bir güc tətbiq etmədən soydaşlarımızın Qərbi Azərbaycana qayıdışını da uğurla reallaşdıracaq, tarixi ədaləti bərpa edəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”