27 yanvar 2023 15:40
520

Terror aktına görə məsuliyyəti İran dövləti daşıyır

“Məlum olduğu kimi yanvarın 27-si Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə xaincəsinə silahlı hücum olub. Terror nəticəsində Orxan Əsgərov şəhid olub, iki yaralımız var.  Şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş bu terror hadisəsini şiddətlə qınayıram və bu terroru törədənlərin və sifarişçilərinin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik. Heç şübhəsiz ki, bu qanlı olaya görə İran dövləti birbaşa məsuliyyət daşıyır.  Belə ki, səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Nazim İsmayılov bildirib.

Nazim İsmayılov qeyd edib ki, İran rəsmilərinin terror aktına məişət problemi donu geyindirməyə cəhd etmələri qəbuledlməzdir. Videogörüntülər də sübut edir, İran rəsmilərinin bu cəhdi yalan və cəfəngiyyatdır: “İran ümumilikdə Azərbaycana qarşı son zamanlar xüsusən qərəzli mövqe nümayiş etdirərək, əsassız ittihamlar səsləndirir. Azərbaycanla münasibətləri gərginləşdirmək yolu tutan İran bu siyasətini son zamanlar intensivləşdirib. İranın Azərbaycana qarşı düşmən mövqeyini Vətən müharibəsi dövründə bir daha gördük. İran rejimi işğal müddətində Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasına, təhqir edilməsinə, bir çox vəşiliklərin törədilməsinə göz yumaraq, hətta kömək edərək  Ermənistanın maraqlarını təmin edib. Molla  rejimi Azərbaycanın ərazi btövlüyünün bərpasını qəbul edə bilməyərək  müxtəlif çirkin oyunlara əl atır. Hesab edirəm ki, səfirliyiməz qarşı törədilmiş terror aktı da  İranın Azərbaycana qarşı düşmən siyasətinin tərkib hissəsidir”.

YAP Veteranlar Şurasının üzvü qeyd edib ki, bütün halda terror aktına görə məsuliyyəti İran dövləti daşıyır və buna görə cavab verməlidir.