28 yanvar 2023 01:57
442

Ötən il avtomobil idxalı: Bir milyard dollar və…

Ötən il Azərbaycana avtomobil idxalı azallb. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə ölkəyə 1 milyard  57 milyon 792 min ABŞ dollar dəyərində 74 min 577 ədəd nəqliyyat vasitələri idxal edilib. Bununla da 2021-ci illə müqayisədə idxal olunan avtomobillərin sayı 16 min 617 ədəd və ya 18,2 faiz azalıb, dəyəri isə 84 milyon 458 min dollar və ya 13,1 faiz artıb.

2021-ci ildə ölkəyə idxal edilmiş 1 avtomobilin orta qiyməti 10 min 255 dollar olmuşdusa, bu il bu rəqəm  14 min 184 dollara yüksəlib.

İdxalın strukturu ilə tanış olanda məlum olur ki, hesabat dövründə minik, hibrid mühərrikli və yük avtomobillərinin sayı azalsa da avtobus, elektriklə hərəkət edən və xüsusi təyinatlı  avtomobillərin sayında artım olub.

İdxalı ən çox azalan yalnız daxili yanma mühərrikli minik avtomobilləri olub. Belə ki, belə avtomobillərin sayı 68 min 684 ədəd təşkil edib ki, bu da ötən illə müqayisədə 16 min 507 və ya 19,4 faiz azdır. Bu il ölkəyə gətirilmiş belə avtomobilin bir ədədinin orta qiyməti 34,2 faiz artaraq 12 min 299 dollar olub. Ötən il bu rəqəm 9 min 162 dollar idi. 2022-ci ildə ölkəyə idxal olunmuş avtomobillərin ümumi dəyərinin 79,9 faizi belə nəqliyyat vasitələrinin payına düşüb.

Sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələrinin sayı isə 149 ədəd və ya 56 faiz artıb. Ötən il ölkəyə idxal edilmiş bir ədəd belə nəqliyyat vasitəsinin orta qiyməti 154 min 985 dollar olmuşdusa cari ildə bu göstərici 17,7 faiz azalaraq 127 min 549 dollara enib.

Daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki ilə də hərəkətə gətirilən nəqliyyat vasitələri, yəni “hibrid”lərə gəlincə, ölkəyə gətirilmiş belə avtobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1599 ədəd və ya 12,4 faiz azalıb. Hərçənd ki, ötən ildən başlayaraq belə nəqliyyat vasitələrinin idxalı əlavə dəyər vergisindən azad edilib. Lakin buraya istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan avtomobillər aiddir. 2021-ci ildə ölkəyə gətirilmiş “hibrid” avtomobillərin 1 ədədinin orta qiyməti 5 min 921 dollar olmuşdusa, ötən il bu rəqəm 2,3 dəfə artaraq 13 min 704 dollara çatıb.  

Yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı isə 3 dəfə artıb.  Ötən il ölkəyə gətirilmiş belə vasitənin 1 ədədinin orta qiyməti 36 min 340 dollar, 2021-ci ildə isə 21 min 645 dollar olmuşdu. Başqa sözlə, orta qiymət 67,9 faiz artıb.

Bu dövrdə ölkəyə gətirilmiş yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin sayı isə 425 ədəd və ya 7,65 faiz azalıb. Bir ədədinin orta qiyməti isə 31,2 faiz artıb. Eyni zamanda, xüsusi təyinatlı mühərrikli nəqliyyat vasitələrinin sayı 1,9 dəfə,  bir ədədinin orta qiyməti isə 15,6 faiz artıb.

Göründüyü kimi, ölkəyə gətirilmiş avtomobillərin sayı azalsa da dəyərinin artması əksər seqmentlər üzrə statistik dəyərin artması ilə bağlıdır. Ötən il ölkəyə gətirilmiş avtomobillərin dəyəri ümumi idxalın 7,3 faizini təşkil etməklə ölkədən ən çox xarici valyuta axınına səbəb olan sahələrdən biri olub.

Ceyhun Piriyev, “İki sahil”