27 yanvar 2023 23:57
580

Avropada tanınan gənc pianoçumuz - FOTOLAR

Azərbaycan musiqisinin təbliğində Aytənin uğurları sıralanır

Bu yazımda 1997-ci ildə dünyaya göz açmış, laylası tar, piano ilə çalınan Aytən haqqında danışacam. Dahi musiqiçilərin gənc davamçısına çevrilən, beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, Prezident təqaüdçüsü kimi Azərbaycan Dövlət Konservatoriyasını fərqlənmə diplomu ilə bitirən, hazırda Almaniyada magistratura səviyyəsində təhsil alan, səhnəmizdə yeni parlayan pianoçu Aytən İbrahimovanın gələcəkdə musiqimizin ulduzlarından biri olacağına hamıda böyük əminlik var.

...Onunla ilk dəfə 2019-cu ildə görüşmüşdük. Qastroldan yenicə qayıtmışdı. Bu sənət yolunu seçməsi, ilkin fəaliyyəti ilə maraqlandım.

- Hər şey atamın uşaqkən mənə aldığı oyuncaqdan başladı. Valideynlərim musiqiçidir. Onlar evdə məşq edəndə mən ağlayırmışam. Məni susdurmaq üçün atam mənə skripka alıb.

- Niyə ağladığını xatırlayırsanmı?

- Səbəbini deyə bilmərəm, amma atam tarda muğam çalanda olurmuş bu hallarım.

Valideynləri belə qərara gəlir ki, yeganə qız övladı skripka ifaçısı olsun. Aytəni Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə qoyurlar. Hər şey də buradan başlayır. Beşiyi başında çalınan, anasının laylaları ilə qanına, canına hopan musiqinin dərinliklərinə baş vurur. Notları öyrənməklə müsabiqələrə qatılmağının arası çox çəkmir. İkinci sinifdə Kövkəb Səfərəliyevanın yubileyinə həsr olunmuş Gənc ifaçıların IV festivalında iştirak edir. “Tərifnamə” alır. İlk müvəffəqiyyəti balaca Aytəni sənətin incəliklərini öyrənməyə daha da ruhlandırır. Qələbəsinin sevinci ona uğur dalınca uğur gətirir. Ustadına “əhsən” deyirlər. Əməkdar müəllim Fatimə İdyatulinanın sinfində dərs alması onun musiqi sənətinə mükəmməl yiyələnməsində möhkəm təməl olur. A. İbrahimova ildən-ilə musiqi savadını artırır, mədəni ictimaiyyətin sevgisini qazanır.

Ulu öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar 2008-ci ildə gənc ifaçıların I respublika müsabiqəsində iştirak edir. On bir yaşlı balaca ifaçı müsabiqədə birinci yeri tutur və laureat adını qazanır. İfası ilə tanınmış musiqiçilərin diqqətini cəlb edən Aytənin adı dillərdə gəzir, mətbuat vaxtaşırı ondan yazır. Öz üzərində işləyir. Valideynləri də onun mahir skripka ifaçısı olmasını çox arzuladıqlarından ona daha çox vaxt ayırırlar. Çəkilən zəhmət öz bəhrəsini verir. 2009-cu ildə Cappelhausda ilk solo konserti ilə çıxış edən Aytən “İstedadlı uşaqlar nominasiyası” üzrə qalib gələn 10 nəfər uşaqdan biri olur. Uğurlu çıxışına görə ölkə Prezidenti  tərəfindən qiymətli hədiyyə ilə təltif olunur...  İllər ömür çələnginə rəngbərəng naxış vura-vura həyatında solmayan izlər qoyur. Auditoriyası böyüyür, skripkasının sədası çox uzaqlara yayılır.

2010-cu ildə Nazim Əliverdibəyov adına  V Ümumşəhər müsabiqəsində orta yaş qrupunda çalanlar arasında ifası yüksək qiymətləndirilərək, “Qran-Pri” mükafatına layiq görülür. Xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə çıxış edir və Kamil Sen-Sansın “Skripka və orkestr üçün konsert”ini ifa edir. Dəfələrlə Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera Orkestri ilə solo-konsert verir.

2012-ci ildə Aytənin artıq 15 yaşı vardı. O, yeniyetmə və gənclər arasında tanınmış simaya çevrilmişdi. Bakıda ilk dəfə İslam dövlətləri arasında keçirilən I beynəlxalq müsabiqədə iştirak edərək, birinci yeri tutur. Həmin ildə Moskvada V. Spivakovun təşkilatçılığı ilə “Moskva dostları qarşılayır” beynəlxalq festivalında iştirak edir.

2013-cü ildə Belçikada keçirilən “Bravo” VI beynəlxalq müsabiqənin iştirakçısı olur və 15 dövlət arasında birinci yeri tutur.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş gənc ifaçıların II Ümumrespublika müsabiqəsində Aytən daha mükəmməl bir uğura imza atır. Qalib adını təzələyir, ikinci dəfə “Qran-Pri” mükafatına layiq görülür.

A. İbrahimova dünya şöhrətli musiqiçilərdən ustad dərsləri alır. Bu dərslər onu yüksək zirvələrin fəthinə doğru aparır. Məşhur dirijor Kiril Karabitsin təklifi ilə P. Çaykovskinin “Skripka  və orkestr üçün konsert”ini solo ifa edir. Dirijorlar  Orxan Həşimov (Moskva),  Azərbaycanın Əməkdar artisti Elşad Bağırov (Türkiyə)  Aytənlə səhnəni bölüşürlər. O, Fransa, Almaniya, Polşa, Hollandiya, Danimarka, Belçika, İspaniya, Qətər, Moskva, Gürcüstan və Ukraynada qastrol səfərlərində Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edir.

2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” layihəsi ilə verdiyi konserti isə yaddaşlarda iz qoydu. Konsert gənc Aytənin solo ifalarından ibarət idi. O, Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Vivaldinin “Dörd fəsil” konsert əsərini ifa edib. Əsərin bütövlükdə bir arada çalınması professionallar və musiqisevərlər tərəfindən yüksək qiymətləndirilib.

Müxtəlif açılış mərasimləri və simpoziumların yaraşığı olan istedadlı gənc skripkaçı Aytən İbrahimovanın ən böyük uğuru Prezident İlham Əliyevin verdiyi Sərəncama əsasən, beynəlxalq müsabiqənin laureatı olduğuna görə heç bir test və qabiliyyət imtahanı vermədən Ü. Hacibəyli adına BMA-nın tələbəsi olmasıdır. Musiqi sahəsində  xüsusi istedadı olan gənc kimi daha bir böyük qələbəsi isə Prezidentin Fərmanı ilə adının Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na  yazılması, Prezident təqaüdünə layiq görülməsidir.

...Oyuncaq skripkaya sevgisi ilə başlayan sənət yolunda atdığı uğurlu addımlar, Prezident tərəfindən ona verilən yüksək qiymət və dəyər Aytəni yeni zirvələr fəth etməyə səsləyirdi.

2019-cu ildə Almaniyanın Folkvanq İncəsənət Universitetinin magistraturasına daxil oldu. Universitetin Dortmund şəhərində böyük bir kampusu var (Orkestr mərkəzi-Orchesterzentrum). Aytən burada müxtəlif tanınmış musiqiçilər və dirijorlarla eyni səhnəni paylaşaraq konsertlərdə iştirak edir. Məhz fəallığı ilə diqqəti cəlb edən gənc azərbaycanlı magistr buradakı dirijorlar tərəfindən müxtəlif layihələrə dəvət alaraq, festivallarda iştirak edir. Məsələn, İtaliyanın Brixen şəhərində Brixen Classic-2022 festivalına birinci skripkaçı kimi dəvət almış və iştirak etmişdir. Hal-hazırda təhsillə yanaşı, Bohum simfonik orkestrində (Bochumer Symphoniker) təcrübəçi kimi birinci skripkaçı olaraq işləyir.

Aytənin solo konsertlər verərək böyük tamaşaçı kütləsinin diqqətini cəlb etməsi, alqışlarla qarşılanması, çıxış etdiyi səhnənin gül-çiçəyə qərq olunması artıq vərdişə çevrilib. Bu, onu sənəti yolunda inamla addımlamağa daha da ruhlandırır. İlk musiqi təhsilini almağa başladığı Bülbül adına Musiqi Məktəbindən başlayıb, Musiqi Akademiyasının Böyük zalı, Azərbaycan Dövlət Filarmoniyasının səhnəsi, Kirxa, Kapellhauz alman kilsəsi Aytənin sənətini sevgi ilə nümayiş etdirdiyi səhnələrdir. Onun skripkasının səsi bu gün Almaniyadan dünyaya yayılır. Məqsədi Azərbaycan musiqisini dünyaya tanıtmaq və sevdirməkdir.

Bu da hələlik sonuncusu-19 yanvar 2023-cü il konserti. Aytən balamız qərənfillər düzülmüş və əzəmətli Azərbaycan Bayrağının  dalğalandığı Dortmund Orkestr Mərkəzinin səhnəsində Almaniyada yaşayan azərbaycanlıların və almanların qarşısında 20 Yanvar şəhidlərinin xatirəsini yad edən xeyriyyə konserti verib. Xalqına, Vətəninə sevgisi onu bir an belə tərk etmir. Almaniyada yaşayan soydaşlarımızdan jurnalistlər-Yeganə Əmiraslan, Valeh Rəhimov, həkim Aysel Əlimova və başqaları gənc musiqiçi A.İbrahimovanın bu addımı atmasından, məhz Avropanın məşhur bir ölkəsində milli matəm günümüzü anmasından, səsimizi skripkasının dillərində dünyaya çatdırmasından  məmnunluqla bəhs etdilər, Vətən təəssübkeşliyindən ağızdolusu danışdılar.

Sağ ol, Aytən. Prezident Təqaüdçüsü yola məhz belə davam etməlidir. Bəli, gələcək gənclərimizindir.

Aytənin planları çoxdur, yaxın gələcəkdə həyata keçirəcəyi  layihələri var. O hazırda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş layihə üzərində işləyir. Uğurlar sənə! Sən skripkanla hələ çox uğurlara imza atacaqsan...

Rəhilə Misirxanlı,
Aİİ-də çıxan “İlahiyyat” jurnalının redaktor müavini