27 yanvar 2023 21:00
655

Terror aktı İranda aparılan anti-Azərbaycan fəaliyyətin nəticəsidir

İrandakı səfirliyimizə silahlı basqının edilməsi ölkəmizə qarşı növbəti təhdidir. Bu terror hadisəsinin obyektiv qaydada araşdırılmasında İranın üzərinə böyük öhdəlik düşür. Çünki bu ölkə səfirliyin təhlükəsizliyinin təmin olunmasında məsuliyyət daşıyır. Azərbaycan səfirliyində törədilən terror həmçinin onu da deməyə əsas verir ki, digər ölkələrin səfirlikləri də hər an belə bir terrorla üzləşə bilərlər. Əgər belə deyilsə, o zaman terrorçunun Azərbaycan səfirliyinə daxil olmasına xüsusi şərait yaradıldığı qənaətinə gəlmək olar. Terrorun sifarişçisinin kim və ya haradan olmasından asılı olmayaraq İran dövlətinin məsuliyyəti birmənalıdır.

Rəsmi Tehran hadisənin obyektiv və sürətli formada araşdırılmasını təmin etməlidir. Lakin bunun təmin olunacağı bir qədər şübhə doğurur. On görə ki, İran molla rejimi xeyli vaxtdır ki, ölkəmizə qarşı riyakar siyasət yürütməklə məşğuldur. Xüsusilə də Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarını işğaldan azad etdikdən sonra İran daha çox narahat olmağa başlamış və bunu açıq formada biruzə etmişdir. İşğal dövründə də İran işğalçı Ermənistanla yaxın əlaqədə olmuş, ərazilərimizin talan edilməsində yaxından iştirak etmişdir. Vətən müharibəsi günlərində Ermənistanı silahlandırmaqla əli şəhidlərimizin qanına batmışdır. İşğal dövründə ərazilərimizdə olan İslam dininə məxsus müqəddəs ocaq və məscidləri dağıdan, təhqir edən Ermənistanla sıx əlaqələr qurmaq, bütün bu vandallıqlara biganə qalmaq özünü islam respublikası adlandıran bir ölkəyə əsla yaraşmayan hallardır. İran rejimi bu cür siyasəti ilə İslam əxlaqına zidd getməkdən belə çəkinməmişdir. Azərbaycan səfirliyində törədilən terrorla da İran bir daha İslam dinin adına böyük zərbə vurmuş olur. 

İranın ölkəmizə qarşı apardığı anti-Azərbaycan siyasəti fonunda belə bir qanlı hadisənin törədilməsi  çox ciddi şübhələr yaradır. Bir halda ki, terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadənin İran xüsusi xidmət orqanları, xüsusilə də SEPAH ilə əlaqəli olduğu ehtimal edilir. Yoxsa, İran uzun müddətdir ki, Azərbaycana qarşı olan təhdid siyasətini nəzəriyyədən praktikaya tətbiq edir?!  Əgər belə deyilsə İran dövləti istintaqın obyektiv formada aparılmasını təmin etməli, Azərbaycan səfirliyində törədilmiş terrorun sifarşçilərinin üzə çıxarılmasında əməli addımlar atmalıdır. İstənilən halda bu qanlı terroru törətməklə Azərbaycana qarşı açıq təhdid edənlər güclü bir dövlətlə üz-üzə gəldiklərinin fərqində olmalıdırlar. 

Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatının əməkdaşı