28 yanvar 2023 16:16
335

Ekspert: Demokratik dünya Azərbaycanı dəstəkləməlidir

“Azərbaycanın İrandakı səfirliyində törədilmiş faciəli terror aktı Azərbaycan müstəqillik əldə etdikdən sonra diplomatik xidmətinin əməkdaşlarının yaşadığı ən ağrılı hadisədir”.

“İki sahil” xəbər verir ki, bunu “Report”a açıqlamasında ABŞ-dan olan politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) və ABŞ açıq şəkildə terrorçunun məsuliyyətə cəlb edilməsinə çağırmalıdır: “Qəddar teokratiya olan İran rejimi daim Azərbaycanın milli maraqlarına zərbə vurmağa çalışır”.

Politoloqun fikrincə, bu ağır günlərdə demokratik dünya Azərbaycanın müdafiəsinə qalxmalı və onu dəstəkləməlidir.

P.Teys bəzi Qərb ölkələrinin, o cümlədən Almaniya, Fransa, Kanada və digər böyük dövlətlərin hökumətlərinin İranın terrorçu rejimi ilə diplomatik və ticarət əlaqələrini davam etdirmələrindən təəssüfləndiyini bildirib: “İranın totalitar hakimiyyətinə qarşı ən sərt sanksiyalar tətbiq edilməlidir. İran Ermənistan ordusunu mütəmadi olaraq silahlarla təmin etsə də, ATƏT, NATO və BMT bu məsələdə susub. İndi beynəlxalq ictimaiyyətin İran ayətullahlarına məhdudiyyətlər qoymasının və İranın xaricdəki maliyyə aktivlərinin dondurulmasının vaxtı çatıb”.