30 yanvar 2023 23:58
3552

Ölkəmizdə uğurlu gənclər siyasətinin əsası Ümummilli Lider tərəfindən qoyulub

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi hər bir ölkə üçün başlıca bir məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılı olacaq. Ölkənin hərtərəfli uğurlu inkişafına hər bir gənc öz töhfəsini verməlidir. Nəsillər dəyişir, ölkələr inkişaf edir ancaq ənənələr, milli dəyərlər yaşayır. Gənc nəslin vətənpərvərlik, Vətənə sevgi ruhunda tərbiyə olunması xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərini, doğma ana dilimizi, ata-babalardan qalan adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.

Uğurlu gənclər siyasəti

Sirr deyil ki, ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin problemləri hər an Onun diqqət mərkəzində olmuş, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə olduqca böyük əhəmiyyət vermişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük qayğısı təkcə müstəqillik illərində deyil, hələ Sovet dönəmində də aşkar müşahidə olunurdu. Belə ki, ötən əsrin 70-ci illərində məhz Ümummilli liderin təşəbbüsü və gərgin səyləri nəticəsində on beş mindən artıq azərbaycanlı gənc SSRİ-nin 170-dən çox təhsil müəssisəsində ali təhsil almışlar. Bu addım Azərbaycanda ən müxtəlif sahələr üzrə peşəkar kadr bazasının formalaşmasına xidmət etmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərindəncə digər sahələrin inkişafı ilə yanaşı, gənclərin üzləşdikləri problemlərin həlli də Heydər Əliyev üçün prioritet təşkil etmişdir. Ölkənin siyasi həyatında heç də ürəkaçan hadisələrin baş vermədiyi bir vaxtda, 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması sübut edirdi ki, Ulu öndər ölkənin gələcəyini birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı. Beləliklə, Ulu öndər dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmişdir. Bu istiqamətdə yorulmadan böyük işlər görməklə Ümummilli lider Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının yüksək səviyyədə təmin edilməsinə nail olmuşdur. Ulu öndərin hakimiyyətinin ilk illərindən gənclərə yüksək qayğı göstərməsini bir daha sübut edən məqamlardan biri də ondan ibarətdir ki, O, 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.
2 fevral 1996-cı il: Azərbaycan gəncliyinin həyatında yeni mərhələ başlamışdır.
2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. Forumda Ümummilli liderin Özü şəxsən iştirak etmişdir. Bunun ardınca, 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli lider “2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur. Ulu öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir. Belə ki, Ümummilli lider Heydər Əliyev 2 fevral 1998-ci ildə Azərbaycan Gəncləri gününün ildönümü münasibətilə keçirilən bədii-idman bayramında tarixi çıxış etmiş və gənclərə müraciət ünvanlamışdır. Ulu öndər gənclərə müraciət edərək demişdir: “Mən sizi gördükcə daha da ruhlanıram, siz Mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin - gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.
Azərbaycan gəncliyinə böyük qayğısının davamı kimi Ulu öndər 1999-cu ildə “Dövlət Gənclər Siyasəti haqqında” Fərman imzalamışdır. Fərmana müvafiq olaraq “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalamışdır. Beləliklə, Ulu öndər gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini qoymuşdur.
Azərbaycan gəncliyi dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub.
Təqdirəlayiq haldır ki, Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətini davam etdirən Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən başlayaraq ardıcıl imzaladığı fərmanlarda, verdiyi tapşırıqlarda kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə diqqət yetirir. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması da gənclər siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq olunması haqqında” və 2006-cı il aprelin 17-də imzaladığı “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, 2011-ci il iyulun 7-də imzaladığı “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının təsdiq olunması haqqında” sərəncamlar mövcud siyasətin daha da inkişaf etdirilməsinə təkan verərək gənclərin istedadının aşkara çıxarılmasında, ictimai fəallığının artırılmasında, onların dövlət idarəçiliyinə cəlb olunmasında, sosial-iqtisadi problemlərinin həllində mühüm rol oynayıb. Həyata keçirilən Dövlət proqramları müasir Azərbaycan gəncliyinin dövrün tələbləri səviyyəsində hərtərəfli inkişafına möhkəm zəmin yaradıb.Prezident İlham Əliyevin gənclərlə görüşlərinin birində söylədiyi kimi, ölkəmizdə uğurlu gənclər siyasəti həyata keçirilir: “Azərbaycanda gənclər siyasəti çox uğurla aparılır. Bu siyasətin təməlini Ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasətinin əsas konturları müəyyən edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar.Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Gənclərin vətənpərvərlik ruhunda böyümələri də çox mühüm əhəmiyyət daşıyır”.

Bildiyimiz kimi, gənclərin hərtərəfli şəxsiyyət kimi yetişməsində, cəmiyyətdə özünə layiqli yer tutmasında keyfiyyətli təhsilin rolu həlledicidir. Məhz dövlət başçısının təhsilə diqqət və qayğısının nəticəsi olaraq, təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub. Məlum olduğu kimi, Azərbaycanda 4500-ə yaxın məktəb mövcuddur. Onlardan 2700-dən çoxu son on ildə tikilib və ya əsaslı təmir edilib. Həmçinin, son illərdə yüzlərlə uşaq bağçasının, bir çox ali məktəblərin yeni tədris korpuslarının, idman-olimpiya komplekslərinin tikilərək istifadəyə verilməsi də yeni nəslin hərtərəfli formalaşmasına töhfədir.Bundan əlavə, dövlət başçısının “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncamı gəncliyə göstərilən diqqətin parlaq təzahürüdür. Bölgələrə səfəri zamanı gənclərlə görüşlərinin birində Prezident İlham Əliyevin söylədiyi kimi, gənclərin xarici ali məktəblərdə təhsil almasına dövlət dəstəyi 2015-ci ildən sonra da davam etdiriləcək.
Gənclərin yaradıcı fəaliyyətinə stimul verilir.

Dövlət proqramlarının icrası ilə bağlı 2011-ci ildə yaradılan Gənclər Fonduna ayrılan vəsaitin yardımı ilə nəzərdə tutulan işlər də uğurla həyata keçirilməkdədir. Gənclər Fondunun vəsaiti hesabına gənclərə yönəlmiş strateji layihələrə dəstək verilir, gənclərin elmi, yaradıcılıq baxımdan inkişafına, beynəlxalq əlaqələrinin qurulmasına, gənclər təşkilatlarının irimiqyaslı layihələrinin icrasına yardım edilir. 2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclər Mükafatı”nın təsis edilməsi də olduqca mühüm addımdır. Mükafat elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 manat məbləğində müəyyənləşdirilib. Qeyd olunan mükafat elm sahəsində gənclər arasında rəqabət mühitini formalaşdırmaqla bərabər elm sahəsində uğurlar əldə etmiş gənc alimlərin fəaliyyətinə ciddi stimul verəcəkdir.

Azərbaycanın müasir təhsil sisteminin formalaşmasında və inkişafında misilsiz fəaliyyət


Əlbəttə ki, müasir Azərbaycan gəncliyinin inkişafında və yeni uğurlar qazanması, istedadlı azərbaycanlı gənclərin dünya miqyasında tanınmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əməyini xüsusi qeyd etmək vacibdir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva azərbaycanlı gənclərin nüfuzlu xarici ali məktəblərdə təhsil alması, yüksək mənəvi dəyərlərə yiyələnməsi və Vətənə gərəkli övlad kimi yetişməsi üçün səylərini əsirgəmir. Xüsusilə də, Azərbaycanın müasir təhsil sisteminin formalaşmasında və inkişafında Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu fəaliyyəti dövründə Azərbaycan təhsil sisteminin müasirləşdirilməsinə böyük töhfə verib. Beləliklə, sağlam düşünən, yüksək təhsilli və mənəvi dəyərlərə malik gənclərin yetişdirilməsi məsələsi fond üçün prioritet istiqamətlərdən biridir.
Xaricdə yaşayan gənc soydaşlarımızın ümummilli məqsədlər naminə səfərbər olunaraq bir araya gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, 2009-cu ildə Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Birliyi məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə yaradılmışdır. Bu təşkilat qısa müddət ərzində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli maraqlar ətrafında birləşdirilməsi istiqamətində titanik addımlar atmışdır.

“Ölkəmizi tanıyaq”

Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun yüksəldilməsi, onların ölkəmizin tarixi və müasir inkişafı ilə bağlı dolğun biliyə sahib olması üçün də dövlət tərəfindən müxtəlif layihələr həyata keçirilmişdir. Qeyd edək ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə Respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 67 şəhər və rayondan 14 minə yaxın IX-XI sinif şagirdini əhatə edən “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaların keçirilməsinə start verilmişdir. Aksiya çərçivəsində ölkə gəncləri Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ və digər bölgələrdə qədim tarixi, mədəniyyət abidələri, regionlarımızın müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə tanış olmuş və öz dövlətçilik ənənələrinə daha da yiyələnmişdir. Bu aksiya təşkili prosesində son mərhələlərdə nəzərə alınaraqdan 8000 - dən şagird iştirak etmişdir.

Azərbaycanda aktiv və vətənpərvər gənclər ordusu formalaşıb


Gənclərin vətənpərvər ruhda tərbiyəsi, onların intellektual potensialından ölkənin sürətli inkişafı prosesində mühüm element kimi istifadə olunması həm də yeni nəslə göstərilən etimaddan xəbər verir. Prezident İlham Əliyevin Sədrlik etdiyi, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətində də gənclər siyasəti xüsusi əhəmiyyətə malikdir. Partiyanın Gənclər Birliyi istedadlı, cəmiyyətə və dövlətə yararlı olmaq istəyən gəncləri öz ətrafında birləşdirməklə yanaşı, yeni nəslin hərtərəfli inkişafı, vətənpərvərlik ruhunun yüksəldilməsi, gənclərin aktiv ictimai fəaliyyətə cəlb olunması və digər istiqamətlərdə işlər görür. Partiyanın rəhbər tutduğu azərbaycançılıq ideologiyasının prinsipləri əsasında Azərbaycan gəncləri arasında Vətənə sevgi, ölkə sərhədlərindən kənarda Azərbaycanı layiqincə təmsil etmək, milli-mənəvi dəyərlərimizi qorumaq təbliğ olunur. YAP Gənclər Birliyinin 2007-ci ildən başlayaraq həyata keçirdiyi “Yay məktəbləri” layihəsi çərçivəsində təşkil olunan seminar-konfranslar layihədə iştirak edən minlərlə gəncin bilik səviyyəsinin yüksəldilməsinə, liderlik keyfiyyətlərinin formalaşdırılmasına xidmət edir. YAP həm də gənclərin seçkilərdə və digər ölkə əhəmiyyətli proseslərdə fəal iştirakını təmin etmək üçün seçkiqabağı dövrlərdə çoxsaylı tədbirlər keçirir. Bu bir həqiqətdir ki, Azərbaycan gəncləri Ümummilli liderin əsasını qoyduğu inkişaf strategiyasını və onu uğurla həyata keçirən Prezident İlham Əliyevin siyasətini dəstəkləyir. Təsadüfi deyil ki, hər il Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan minlərlə vətəndaşın böyük hissəsi gənclərdən ibarətdir.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərimizdə təbii sərvətlərimizin qeyri-qanuni yolla istismarı və talanması, bununla təbiətə və ekologiyaya ciddi xələl gətirilməsinə haqlı olaraq etiraz edən ekoloji fəallara dəstək olan könüllü gənclər “Ekoloji terrora son”, “Rusiya sülhməramlıları ekoloji terrora göz yumur”, “Sülhməramlılar öz missiyasını düzgün yerinə yetirməlidir”, “Gənclər ekoloji təcavüzü dayandırmağı tələb edir” kimi şüarlar səsləndirərək dünya ictimaiyyətinin diqqətini baş verən bu qanunsuzluqlara göz yummamağa çağırırlar.

Beləliklə, tam əminliklə söyləmək olar ki, bu gün ölkə həyatının ən müxtəlif sahələrində gənclərimiz böyük müvəffəqiyyətlə bilik və bacarıqlarını nümayiş etdirməkdədirlər. Azərbaycan gəncləri Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşib.

Toğrul Əliyev,
"Qeyd" İB, Sosial tədbirlər şöbəsinin sədr müavini,
“Cəmiyyətin və Medianın inkişafı” İB İdarə heyətinin üzvü